Sərhəddə təxribat: Ermənilər Qazaxda mülki nəqliyyat vasitələrini atəşə tutdu

10:40 05-04-2020 450

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 

Bu barədə HerGun.Az-a Sövlət Sərhəd Xidmətindən məlumat verilib.  

Qeyd olunub ki, 4 aprel tarixində saat 22:20-dən 23:05-dək Qazax rayonunun Abbasbəyli kəndi, habelə Fərəhli və Məzəm kəndlərinə gedən magistral yolda hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iri çaplı pulemyotlardan və snayper silahlarından intensiv atəşə tutulub.  

Bu səbəbdən həmin magistral yolda hərəkətə məhdudiyyət tətbiq edilib. Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.