Paşinyan heç kimdir, “Qarabağ klanı”, biz sizi bitirmişik! - ŞƏRH

23:00 05-12-2020 397

“Mən Füzuli şəhərində demişəm, bir daha demək istəyirəm, biz Koçaryan, Sarqsyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarqsyana qarşı qüdrətimizi göstərmişik.

Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarqsyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız...

Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarqsyan, mən sizə deyirəm. Paşinyan heç kimdir...

Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”.

Bu sözlər Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə məxsusdur. O, ötən ay üçtərəfli birgə Bəyanatın tələblərinə uyğun olaraq Azərbaycana təhvil verilmiş Ağdam şəhərində olarkən bu sözləri deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdəki səriştəsizliyi, erməni xalqını uçuruma aparması barədə çox yazmışıq. Biz bu dəfə “Qarabağ klanı” kimi ad çıxarmış Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Koçaryan və Serj Sarqsyandan bəhs edəcəyik.

1954-cü ilin avqustun 31-də Xankəndidə doğulmuş R.Koçaryan siyasi fəaliyyətinə Dağlıq Qarabağdakı quldur rejimin ikinci “baş naziri” (1992-1994) kimi başlayıb. Daha sonra o, heç bir dövlət tərəfindən tanınmayan həmin qondarma qurumun “birinci prezidenti” (1994-1997) olub.

Sual doğur: əgər onların dili ilə desək, qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət idisə, bəs necə oldu ki, Koçaryan öz kiçik “dövlətciy”i ilə kifayətlənməyib digər dövlətdə – Ermənistanda hakimiyyəti tutmaq sevdasına düşdü? 

Xatırladaq ki, Koçaryan əvvəl Ermənistanın altıncı baş naziri (20.03.1997-10.04.1998) oldu. Daha sonra bununla da kifayətlənməyən Koçaryan Levon Ter-Petrosyana təzyiq edərək onun istefa verməsinə səbəb oldu. 1998-ci ilin fevralın 4-dən prezident postunu özü icra etməyə başladı və seçkilərdən sonra Ermənistanın ikinci prezidenti oldu (09.04.1998-09.04.2008). İki prezident seçkisinin saxtalaşdırılmasında, 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentində baş nazir Vazqen Sarkisyan (Ermənistanın ilk Müdafiə naziri olub – S.M.), parlamentin sədri Karen Dəmirçyan, bir sıra deputatlar və eləcə də hökumət üzvlərinin qətlə yetirilməsi ilə nəticələnən terror aktının törədilməsində Koçaryanın və həmin vaxt Milli Təhlükəsizlik naziri olmuş Serj Sarqsyanın əli olduğu bildirilir.

Koçaryan öz müsahibələrindən birində Ermənistan-Azərbaycan münaqişəsi barədə danışarkən “Ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu barədə” irqçi bir fikir irəli sürməsi ilə yadda qalıb. Təbii ki, azərbaycanlılara qarşı nifrət hissi olan belə bir insanın prezident olduğu 10 il ərzində danışıqlarda hər hansısa irəliləyişə nail olmaq mümkün deyildi. Koçaryan 2018-ci ilin dekabrında həbs olunsa da (2008-ci ildə Konstitusiya quruluşunu devirməkdə ittiham olunub – S.M.), Ermənistandakı imkanlı ailələrlə yaxınlığı onun azadlığa çıxmasına səbəb olub. Hazırda iyunun sonlarından girov ödənilməklə Ermənistanı tərk etməmək haqqında iltizamnamə ilə azadlıqdadır.

Serj Sarqsyan da Koçaryan kimi 1954-cü ildə, Xankəndi şəhərində doğulub. Ermənistanda iki dəfə Müdafiə naziri (1993-1995 və 2000-2007-ci illər), bir dəfə Daxili İşlər və Milli Təhlükəsizlik naziri (1996-1999), iki dəfə də baş nazir vəzifələrində (04.04.2007-09.04.2008 və 17.04.2018-23.04.2018) çalışıb. 9 aprel 2008-ci ildən 9 aprel 2018-ci ilədək Ermənistan prezidenti olub.

O, 1989-cu ildən 1993-cü ilə kimi separatçı republikanın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. S.Sarqsyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Sarkisyan barədə Azərbaycan dövləti tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilib.

Sarqsyanın Xocalı soyqırımında birbaşa əlinin olmasını britaniyalı jurnalist Tomas de Vaalın 2003-cü ildə çap olunmuş “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” (Black Garden: Armenia and Azerbaijan Through Peace and War) kitabındakı müsahibə də təsdiqləyir. Jurnalistin “Xocalı soyqırımı haqqında nə düşünürsünüz?” sualına Sarqsyan belə cavab verib:

“Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat etmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”.

Serj Sarqsyanın 2018-ci ildə prezident səlahiyyətləri başa çatdıqdan sonra baş nazir kimi sözünü deməyə çalışıb. O, Ermənistanın 15-ci baş naziri olsa da, bu postda cəmi bir həftə qala bilib. Belə ki, Nikol Paşinyan onu əvəzləyib. Daha sonra bu ilin yanvarında Sarkisyan 490 milyon Ermənistan dramını mənimsəməkdə ittiham olunub.

Və ən əsası, 44 günlük müharibə dönəmində bu iki şəxs dəfələrlə qondarma qurumun məhv olunmasından narahatlığını bildirən açıqlamalarla yadda qalıb. Lakin heç biri ön cəbhəyə gələrək erməni əsgərlərinə dəstək verməyə cürət etməyib. Axı, necə də gələ bilsinlər?! Azərbaycan Ordusunun artilleriyası həmin vaxt öz işini məharətlə görürdü... 

Səbuhi Musayev