Xidmət rəisi: “Şəkinin açıq meşə sahəsində fındıq bağı salınır”

12:40 11-02-2021 329

Sosial şəbəkələrdə Şəkinin Bideyiz kəndi yaxınlığında meşələrin irimiqyaslı kürünməsinə başlanması barədə məlumat yayılıb.

Bildirilib ki, əraziyə çoxlu sayda ağır texnika cəlb edilib.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq.

ETSN-nin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov HerGun.Az-a bildirib ki, Milli Meşə Proqramına uyğun olaraq açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradılır:

“Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır”.

O qeyd edib ki, meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər:

“Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq”.

İlhamə Əbülfət