Bakıda yağış suları üçün qoyulan 97 quyunun barmaqlıqları oğrulanıb - RƏSMİ

16:20 31-03-2021 360

Nobel prospektində qısa müddət ərzində səth sularının normal axıdılması üçün nəzərdə tutulan yağış sistemlərinə aid 97 ədəd quyunun barmaqlıqları yoxa çıxıb.

Bu barədə HerGun.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.

Oğurluq faktı ilə əlaqədar olaraq agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən yeni alınaraq çatışmayan yerlərə qoyulub.

Anoloji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır. Sözügedən faktlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin olunacaq.