NATO niyə “İsgəndər”dən qorxur?

10:00 16-04-2021 518

Kubra Məhərrəmova yazır...

Qərb mətbuatında adı ən çox hallanan rus silahı məhz “İsgəndər” raketidir. Son zamanlar elə bizim mətbuatda da kifayət qədər adı hallanan bu silah heç şübhəsiz ki, Rusiya hərbi sənayesinin baş tacıdır. Qeyd edim ki, ilk dəfə “İsgəndər” raket kompleksi 1999-cu ildə ictimaiyyətə təqdim olunub. 

Şuşaya atılan “İsgəndər-M” raketi 500 kilometr məsafədən hədəfi 100 faiz dəqiqliklə vurur.

“İsgəndər-M” operativ-taktiki raketləri nüvə başlığı da daşıya bilir. Əgər adi ballistik raketlərin yerə düşmə trayektoriyasını təyin etmək mümkündürsə, bu raket aero-ballistik olduğu üçün hesablanan trayektoriya ilə hərəkət etmir, manevr edərək səthə düşür. Daha doğrusu hədəfi məhv edir. Nəticədə bu raketləri qarşı tərəfin zərərsizləşdirməsi müşgülə çevrilir. Raket komanda mərkəzindən idarə olunur.

Kompleksdə iki raket olur. Hər iki raket növbə ilə bir neçə dəqiqə ərzində hədəfə göndərilə bilər. 

Maşınqayırma Konstruktor Bürosunun baş konstruktoru Valeriy Kaşin bildirir ki, “İsgəndər-M” silahına qarşı Qərbin həqiqətən də heç bir vasitəsi yoxdur. Valeriy Kaşin isə Rusiya konstruktorları arasında əfsanə hesab olunur. Əgər belə bir peşəkar bunu iddia edirsə, artıq şərhə ehtiyac qalmır.

“İsgəndər-M” raket kompleksinin kolonu təlim zamanı adətən gecələr hərəkət edir. Hərbçilərin dediyinə görə, hava şəraiti nə qədər pis olsa, o qədər yaxşıdır. Bu halda xarici peyklər onların hərəkətini dəqiq izləyə bilmir. Bəzi mənbələr bildirir ki, Rusiya Silahlı Qüvvələrinin bazasında o qədər “İsgəndər-M” raket kompleksi var ki, onlar sıraya düzülsə kilometrlərlə uzunluqda zəncir yaranar.

Bu raketlər həm də çox sürətli hesab olunur. Belə ki, raket 6 maxa qədər sürətlə hərəkət edir. Yəni bu səs sürətinin altı misli deməkdir.

Bütün bunları oxuyandan sonra anlayırsan ki, əsl şeytan əməlidir “İsgəndər” raketi. Sürətli, dağıdıcı və radar üçün gözəgörünməz.

NATO “İsgəndər” raketlərindən əməlli çəkinir desək yanılmarıq. Çünki bu silah “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərindən gizlənməyi bacarır. 

Təbii ki, bu, bütün Avropa üçün ciddi təhdid vasitəsidir. Məsələn, ABŞ-ın “The National Interest” jurnalı bu raketləri Rusiya Silahlı Qüvvələrinin ən təhlükəli silahı hesab edir.

Ümumiyyətlə, Rusiyanın silahlanması və dünyada güc balansının qorunması üçün ABŞ hər zaman tədbir görüb. Avropanın isə Rusiya ilə baş-başa gəlməsi iqtisadi sanksiyalardan o tərəfə keçməyib.

Bunu mütləq qeyd etməliyəm ki, Rusiya heç də hər zaman raket kompleksləri ilə qururlana bilməyib. Çünki 8 dekabr 1987-ci ildə SSRİ və ABŞ arasında müqavilə imzalanır. Bu müqavilə Rusiya raket istehsalına böyük zərbə idi.

Mixail Qorbaçovun və Ronald Reynaqın imza atdığı bu tarixi razılaşmaya görə, hər iki böyük dövlət orta və yaxın mənzilli raketlərin ləğv edilməsi haqqında öhdəliyi üzərinə götürdü.

Öhdəliyə görə bütün orta (1000-5500 km) və yaxın (500-1000 km) mənzilli ballistik və qanadlı raket kompleksləri məhv ediləcək, gələcəkdə bu tip raketlər istehsal olunmayacaq və sınaqdan keçirilməyəcək.

Razılıq imzalanan dövrdə isə Rusiya hərbi sənayesinin qürurlandığı “Oka” operativ-taktiki raket kompleksi 1991-ci ildə məhv edilir. “Oka”nın istehsalına XX əsrin 70-ci illərində başlanılıb. “Oka” da həmçinin gözəgörünməz raket sinfinə daxil idi. Hərbi ekspertlərin dediyinə görə, o zaman da “Oka”ya qarşı Qərbin əlində silah mövcud deyildi. Razılaşmaya görə, qarşı tərəf “Pershing-1” və “Pershing-2” raketlərini məhv etdi.

Bunlara baxmayaraq Valeriy Kaşin hesab edir ki, “Oka” raketinin məhv edilməsi satqınlıq idi. Bu razılaşmaya imza atan adamlar da satqın idi.

Bütün bu tarixi proseslərdən sonra “İsgəndər” raketləri meydana çıxır ki, bu raket yenidən dünya silah bazarında Rusiyanı önə çıxarır. Yenə də beynəlxalq razılaşmalara əsasən, Rusiya “İsgəndər” raket kompleksinin ixracı üçün “İsgəndər-E” raketlərini istehsal edir. Bu tip kompleks indiyədək rəsmən yalnız Ermənistana verilib.

Amma Şuşaya atılan məhz “İsgəndər-M” raketidir. Bu isə artıq yalnız Rusiyanın istifadəsi üçün nəzərdə tutulub. Raket haqqında məlumat verməyimin də əsas səbəbi odur ki, bu raketin necə dağıdıcı silah olması haqqında tam formada təsəvvür yarada bilim.

Bəs necə olur ki, bu cür dağıdıcı silah başlı-başına qalır?

Azərbaycan dövlətinin “İsgəndər-M” ilə bağlı Rusiyaya göndərdiyi sorğuya hələ ki, rəsmi cavab yoxdur. Amma Rusiya hökümətinin mediaya sızdırdığı versiyaya görə, ermənilər “İsgəndər-M” raketini bazardan hərbçi dostlarından alıblar, sonra da əmioğlunun maşınında keçiriblər Ermənistana. Qaçaq yolla.

Oradan da atıblar Şuşaya. İndi də Rusiya daş atıb başını tutur ki, rus ordusunda sən demə “alverçilər” peyda olub, o boyda raket kompleksini sağa-sola satırlar.

Bu arada baş verənlərə Avropa və ümumilikdə Qərb heç bir reaksiya vermir. Heç bir sorğulama aparmır. “İsgəndər-M”dən qorxan NATO-da hələ ki, bir bəyanat verməyib.

Ritorik sual verirəm, “İsgəndər-M” raketini biz Ermənistana, ya da Qarabağda gedən müharibə zamanı istifadə etsəydik, bizi hansı hərbi tribunala çıxarmışdılar?