Deputatlar ipoteka ilə bağlı hüquqi boşluqları aradan qaldıran sənədləri müzakirəyə çıxardı

18:00 30-04-2021 532

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.

HerGun.Az-ın məlumatına əsasən, iclasda komitə sədri Tahir Mirkişili bildirib ki, qanun layihələri dövlət başçısının müəyyənləşdirdiyi hədəflərə uyğun hazırlanıb.

Qanun layihələri Konstitusiya Məhkəməsi Plenumundan Milli Məclisə daxil olan tövsiyələr əsasında Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən yaradılmış işçi qrupun fəaliyyəti nəticəsində ərsəyə gətirilib.

Dəyişikliklərdə ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı mülkiyyət hüququnun rəsmiləşdirilməsinin və əldə edilmiş əmlakın satışı zamanı əsas borc həcmində dövriyyənin vergidən azad olunmasının qanunvericiliklə dəqiq tənzimlənməsi nəzərdə tutulub.

İclasda bildirilib ki, təqdim olunan qanun layihələri hüquqi boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşııyır.