ABŞ Hərbi Qüvvələrinin azərbaycanlı kapitanı: “Vəziyyətin ciddiliyini təyyarədə anladım” - MÜSAHİBƏ + FOTO

14:00 13-05-2021 349

Bu gün sizə Azərbaycanı ABŞ-da layiqincə təmsil edən daha bir həmyerlimizlə tanış edəcəyik. Bundan öncə ABŞ Hərbi Donanmasında xidmət edən Azərbaycan əsilli zabit, Pentaqonda ABŞ Dəniz Qüvvələrinin Baş Ofisində şərqi Avropa və NATO Əlaqələri şöbəsinin rəisi vəzifəsini icra edən Nəimi Əmirəl barədə məlumat vermişdik. Fəxrlə söhbət açacağımız soydaşlarımızdan biri də gənc yaşında belə böyük uğura imza atan Səyyad Axundzadədir.

Səyyad Axundzadə 1997-ci il may ayının 28-də Naxçıvan şəhərində anandan olub. Ailədə iki qardaş olan qəhrəmanımız uşağını Bakıda keçirib. Təhsilini 43 saylı Məktəb-Lisey Kompleksində alaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft-qaz mühəndisliyi ixtisasına yiyələnib. ABŞ-a gedən yolu, bu peşəyə olan marağının necə yaranması barədə isə elə öz dilindən eşidək.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin təyyarə kapitanı olan 24 yaşlı Səyyad Axundzadənin HerGun.Az-a müsahibəsini təqdim edirik:

- Azərbaycanda yalnız təhsil almısınız, yoxsa peşənizlə bağlı fəaliyyətiniz olub?

- Azərbaycanda universiteti bitirdikdən sonra imtahan verərək SABAH qruplarına qəbul oldum. Oradan məzun olduqdan sonra qısa müddətli işləri nəzərə almasaq, Azərbaycanda demək olar işləməmişəm.

- Necə oldu ki, ABŞ-a getmək qərarına gəldiniz?

- Universitetin sonuncu kursu idi. Gözləmədiyim anda “Green card” uddum. Açığı nə vaxtsa ABŞ-a köçməyi planlaşdırmırdım. Lakin qalib olduğum an qərar verdim ki, dəyərləndirim və ABŞ-a köçdüm.

Sadəcə maraqlı təsadüf oldu. Qalib olduğumu öyrənəndə həm həyəcanlı, həm də sevincli idim. Bu, təklikdə ölkə xaricinə ilk səfərim oldu. Üstəlik bu qədər uzaq məsafəyə səfərim də olmamışdı. İlk gündən anladım ki, ABŞ həqiqətən də fərqli dünyadır. Vəziyyətin ciddiliyini təyyarədə uçan zaman anlamağa başladım.

- Niyə məhz bu peşəni seçdiniz?

- ABŞ-da hərbi qüvvələrin dörd əsas hissəsi var: “Army”, “Air Force”, “Marine Corps” və “Navy”. Açığı sırf Hərbi Dəniz Qüvvələrini seçməyimin əsas səbəbi hazırda da xidmətdə olan Nəimi Əmirəl ilə məsləhətləşdikdən sonra oldu. Daha sonra aviasiya sahəsinə də marağım olduğu üçün imtahan verdim. Son qərar kimi bu sahədə çalışa biləcəyimə inandım. Burada hərbçi və ya veteran olmağın bir çox üstünlükləri var. Təhsil alan zaman bütün xərclər dövlət tərəfindən qarşılanır, veteran kimi mülki həyatda iş tapmaq daha asan olur, həmçinin Vətəndaşlıq almaq daha sürətli və ödənişsiz olur. Bir sözlə hərbi sahəni seçən zaman gələcəyə yönəlik bir addım atdım.

Ən əsası isə tamam yad bir ölkədə həm insanları, həm də qanun-qaydanı daha yaxşı və dərindən öyrənmək üçün bu sahə mənə çox kömək etdi.

- Kifayət qədər məsuliyyətli və intizamlı sahədir. Bu sahə üzrə ölkədən kənarda çalışmaq çətin olmadı?

- Əlbəttə hər sahənin öz çətinliyi var. Xüsusən də tamamilə yad bir ölkədə buna nail olmaq çox çətindir. Sadəcə bizim sahədə ikiqat diqqətcil və ayıq-sayıq olmaq tələb olunur. Mən deyərdim ki, tələbdən də əlavə vacibdir. Çünki adi bir ehtiyatsızlıq çox faciəvi qəzalara səbəb ola bilər. Bir müddət işlədikdən sonra həm təcrübə, həm də özünəinam artıq stresi azaldır. Burada yalnız özünün yox, ətrafdakı hər kəsin, bütün kollektivin təhlükəsizliyinə cavabdeh şəxs olursunuz.

- Bəs ilk dəfə işə qəbul prosesi, ilk iş günü necə oldu?

- Burada hansı sahədən asılı olmayaraq, hərbi qüvvələrə qoşulmaq üçün xüsusi ASVAB adlandırılan test imtahanında iştirak vacibdir. Daha sonra imtahanı keçən şəxslər “Boot Camp” deyilən qapalı hərbi düşərgəyə göndərilir. Orada bir neçə ay müəyyən fiziki və bilik sınaqlarını keçdikdən sonra ixtisas üzrə hərbi təhsil mərkəzinə göndərirlər. Buradan məzun olduqdan sonra isə təyinat üzrə işlə təmin edilirlər. Mən də bu prosedurları keçdikdən sonra hazırda işlədiyim bazaya göndərilmişdim.

- Orada ailənizlə bərarbərsiniz, yoxsa tək yaşayırsınız?

- Mənim ailə üzvlərim Azərbaycanda, Bakı şəhərində yaşayır. ABŞ-a tək köçmüşəm.

- Orada azərbaycanlılara münasibət necədir? Sizi kollektivə tez qəbul etdilər, yoxsa bunun üçün çox çalışmalı oldunuz?

- Sözün düzünü deyim ki, burada yerli əhalinin Azərbaycan haqqında məlumatı çox azdır. Bunun üçün hər zaman ətrafımdakı insanlara, yeni tanış olduğum şəxslərə ölkəmiz haqqında bacardığım qədər dolğun məlumat verirəm. Onlara Azərbaycan haqqında yazılan ingilisdilli jurnallar hədiyyə edirəm. Maraqlı olanlar daha sonra internetdə araşdırma aparıb, Azərbaycan dili, adət-ənənəsi haqqında daha çox məlumatlar öyrənirlər.

Çünki əksəriyyəti Azərbaycan barədə ilk dəfə eşidirlər. Hətta bəziləri üçün mən tanıdıqları ilk azərbaycanlıyam. Çalışıram ki, ölkəmizi layiqincə təmsil edim, tanıtdırım. Əslində burada sənin haradan olmağından asılı olmayaraq ortaq maraqlar və səmimi söhbət önəmlidir. Bu olduqdan sonra dostlaşmaq elə də çətin deyil. Çünki, ABŞ fərqli millətlər ölkəsidir.

- Qarabağın azadlığı uğrunda apardığımız Vətən müharibəsinə ABŞ-da münasibət necədir?

- Vətən müharibəsindəki naliyyətlərimiz ABŞ-da belə danışılır. Qeyd edim ki, qardaşım da könüllü olaraq Vətən müharibəsində iştirak edən qəhrəmanlardan biri olub.

- Sizin hazırda vəzifəniz nədir və neçə uçuş həyata keçirmisiniz?

- Mənim vəzifəm “plane captain” (təyyarə kapitanı) olaraq gedir. Pilot deyiləm, amma uçuşdan əvvəl və sonra pilotlarla hər zaman ya birbaşa, ya da əl hərəkətləri vasitəsilə daim ünsiyyətdə oluram. Çünki prosesdən öncə və sonra demək olar ki, bütün yoxlanışları mən yerinə yetirirəm. Uçuşun tam təhlükəsiz yerinə yetirilməsi üçün hər xırda detala ciddi nəzarət edilməlidir. Qısacası, mən təyyarənin təhlükəsizliyinə cavabdeh olan birinci məsuliyyətli şəxsəm.

- İş zamanı təhlükəli anlar olubmu?

- Bəzən təhlükəli anlar yaşanır. Sadəcə, burada şəxsi heyətin təhlükəsizliyi üçün hər bir şərait yaradıldığı üçün ciddi problemlər yaşanmır. Üstəlik hamı çalışır ki, bir-birini qorusun. Buna görə də xoşagəlməz hadisələr demək olar ki, minimuma enir.

- Bu qədər ciddi və məsuliyyətli işin müqabilində aldığınız maaş size qane edirmi?

- Belə deyim ki, işim müqabilində maaşım xərclərimi qarşılamaq üçün mənə kifayət edir.

- Ailəsiniz, yoxsa subay?

- Xeyr, ailə qurmamışam. Hazırda subayam.

- ABŞ hərbi hava qüvvələrində çalışmaq üçün xüsusi meyar varmı?

- ABŞ Hərbi Qüvvələrinə qoşulmaq istəyənlər üçün sahəsindən asılı olaraq test imtahanından əlavə həm yaş, həm də müəyyən fiziki normativlər çox önəmlidir. Müəyyən olunan normativlərə cavab vermək lazımdır. Bu da çox vacibdir, çünki hər il fiziki normativlər üçün də ayrıca yoxlanış aparılır. Buna qaçış, üzgüçülük və digər müəyyən fiziki hazırlıqların olması daxildir.

Könül Cəfərli