Premyer Liqanın autsayderi baş məşqçisi ilə bağlı qərarını verdi

16:00 20-05-2021 450

Bu gün “Səbail” klubunun Müşahidə Şurasının iclası keçirilib.

HerGun.Az xəbər verir ki, iclasda Aftandil Hacıyevin baş məşqçi postuna namizədliyi təsdiqlənib. Təcrübəli mütəxəssis ilə 1+1 sistemi ilə müqavilə imzalanıb.

Davamında COVID-19 pandemiyası ilə əlaqədar “Zoom” proqramı vasitəsilə baş məşqçinin mətbuat konfransı baş tutub. Baş məşqçi jurnalistlərin suallarına keçid etmədən öncə fikirlərini açıqlayıb:

“Çempionatın sona çatması münasibətilə hamını təbrik edirəm. Avrokuboklara vəsiqə qazanan və ölkə kubokunun finalına yüksələn komandalara uğurlar arzulayıram. Rəhbərliklə bu gün görüşüm oldu. Bu təklif əvvəldən mənə olmuşdu. Növbəti mövsüm əməkdaşlığı davam etdirəcəyimiz yönündə razılaşdıq. Artıq üç ildir işbirliyimizi müəyyən səviyyəyə gətirib çatdırmışıq. Başladığımız işin davamını gətirmək istəyirəm. Çətin və məsuliyyətli iş həvalə olunub. Mənə etimad göstərən rəhbərliyə təşəkkür edirəm”.

Qeyd edək ki, “Səbail” Azərbaycan Premyer Liqasını 24 xalla sonuncu – səkkizinci sırada başa vurub.