Beyin: Ey ruh, varsansa, özünü mənə göstər!

14:45 25-09-2019 370

Aqşin Yenisey yazır...

Bəlkə də, sual belə qoyulmalıdır, bizə hansı lazımdır; müdriklik, fədailik, yoxsa peşəkarlıq? Bəs insana hansı lazımdır? “Biz” olanla “insan” olanın ehtiyacları eyni şeymi? İnsan olan da bizi düşünürmü?  Nədən “şair xalq” olduqlarını əlacsızlıqdan boyunlarına alan bizim azərbaycanlılar ev və vətən seçimində evi, vətən və dünya seçimində dünyanı seçir?

Reallığın balacasını, faniliyin yekəsini götürür? Bu seçim onda peşəkarlıq duyğusunun yoxluğundanmı qaynaqlanır? Məsuliyyətini daşıyacağı şeyin (ev) balaca, başından edəcəyi şeyin (dünya) böyük olmasını istəməsi onun özgüvən hissinin zəifliyindənmi güc alır? Müdrikliyə, fədailiyə və peşəkarlığa bu özgüvən hissinin təkamül mərhələləri deyə bilərikmi? 

Məsələn, çağımızın məşhur düşünəni Yuval Harari deyir ki, insanlıq modern çağa kimi dünyada məna axtarırdı, modern çağda məna axtarışı güc axtarışı ilə əvəzləndi. Türk filosofu Ahmed Arslan isə bu ikisinin arasına “həqiqət axtarışı”nı əlavə edib deyir ki, məna axtaran antik çağ ilə güc axtaran modern çağ arasında Orta əsrlər dövrü var ki, insan bu dövrdə həqiqət axtarırdı. (Məna alma idi, həqiqət qovulma).

Ahmed Arslana görə, ardıcıllıq belə olmalıdır: məna-həqiqət güc. Məna axtaranlar müdriklər idi, həqiqət uğrunda fədailər döyüşürdü, güc isə peşəkarların axtardığı bir şeydir. Deməli, biz gücaxtaranların zəmanəsində yaşadığımız üçün peşəkarlığın işıqgələninə üz tutmalıyıq.  

Ümumiyyətlə, beyin bu işləri özü-özünə necə həll edir? Bu suala cavab tapmaq üçün bir neçə dəqiqəmizi ayırıb beyinin qırışları arasında ekskursiyaya çıxmalıyıq. Məntiqi zəka İQ (İntelligence Quotient) rasional zəkamızdır, anadangəlmədir və digər zəka növlərinə görə sonradan inkişaf etdirmək o qədər də asan deyil.

“İQ” alman psixoloqu Uilyam Ştern tərəfindən isimləndirilib. İQ səviyyəsi yüksək olan adamlar daha çox riyazi əməliyyatlarda, məntiq oyunlarında uğurlu olurlar. 2000-ci illərdə uğurlu olan adamlarda daha bir zəka növü təsnif edildi; “Emotional Quotient”, yəni emosional zəka, EQ. İQ-sü və EQ-sü olan adam ayrıca İQ-sü və ayrıca EQ-sü olan adamlardan daha uğurlu hesab olunur.

İQ kişidirsə, EQ onun həyat yoldaşıdır, həm də bu EQ xanım bir az şöhrətpərəst qadındır. İQ-i gecə-gündüz uğur dalınca lökküdən EQ-dir. EQ olmasa, İQ intellektual avara olar. İntellektual və emosional zəkaların qarşısında aciz qaldıqları bəzi məsələlər var ki, onların dərdinə “Spritual Quotient”, yəni ruhani zəka – SQ əncam çəkir. SQ bir növ beynin ağsaqqalıdır, İQ-nün və EQ-nün aciz qaldıqları məsələlərdə SQ-nün hüzuruna gedərlər, o da ayələrdən, hədislərdən, ay nə bilim, cinlərdən, əcinnələrdən sitatlar gətirib həyatın bitmədiyini, o biri dünyada hər şeyin bundan da yaxşı olduğunu söyləyib hər ikisini sakitləşdirər.

SQ-nün ən sevdiyi İQ-nün və EQ-nün nikahdankənar münasibətlərindən doğulan nəvəsi “Creative Quotient”dir, yəni CQ, el dilində desək, yaradıcı zəka. Ruhani baba bütün günü bu nəvəsi ilə oynamağı sevir, onu qucağına götürüb göyə atıb-tutur. Yatanda nağıllar danışır.

Bütün bu beyin ailəsinin ailə xoşbəxtliyini təmin edən isə “Adversity Quotient” dayıdır, qısacası, AQ, iradi zəka. AQ beyin ailəsinə əsl “daydaylıq” edir, çətin gündə onlara həyan olur, həyatın çətinliklərinə sinə gərmək üçün dar gündə həmişə özünü yetirir. AQ olmasa ailə dağılar, İQ (intellektual zəka) avara olar, EQ-in (emosional zəka) günü “Tarqovı”da ərəblərlə keçər, SQ (spritual zəka) yas yerlərində mollalıq edər, CQ (yaradıcı zəka) “alkaş” olar. 

Bu beyin ailəsi hansı başda xoşbəxtdirsə, o başın sahibinə peşəkar demək olar. Bu, “Q”lərdən birinin yoxluğu insanın peşəkar olmaması üçün yetərlidir. Ancaq bu, o demək deyil ki, hər hansı “Q” çatışmazlığı olan adam zay məxluqdur. Xeyr, antik çağda insanların İQ-sü az, EQ-sü çox idi, yəni məişət dilimizlə desək, İQ arvadağız idi. EQ nə deyirdisə, onunla razılaşırdı. Gəlinini çox istəyən SQ-də (Sprital zəka) bundan istifadə edib İQ-yə şəhər-dövlətlər, imperiyalar qurdururdu.

Qədim dünyada insan beyni bir qəbilə şəklində formalaşmışdı: Ən başda sritial zəka – qəbilə başçısı otururdu. İyerarxik ardıcıllığı “Aversity”, yəni iradi zəka bölüşürdü. İntelektual zəkanın çörəyi sözün əsl mənasında “daşdan” çıxırdı; bütün günü ox ucu, kəsici alətlər yonur, daşı ağaca pərçimləyib ilk mətbəx alətləri düzədirdi.

Bu işdə ona oğlu CQ kömək edirdi, həyat yoldaşı emosional (xanım) zəka isə bütün günü deyinirdi ki, bu nədi, kəsəklə də kartof soyarlar, düz-əməlli bir bıçaq düzəldə bilmədiniz dədə-bala! O uşağı da avara-sərgərdan edib salmısan dalına - “Creative Quotient”i deyirdi – yaradıcı zəkanı. 

Klassik beyin ailəsində iş rejimi bu cür bölünmüşdü. Müasir insanın beynində xeyli dəyişiklik baş verib. Məsələn, müasir beynin rəhbəri spritual zəka yox, intellektual zəkadır. Sprital zəka gözü görməyən, qulağı eştməyən yaşlı bir ailə üzvü kimi bu gün artıq beyinin bir küncündə oturub, təsbeh çevirir. “Bizim vaxtımızda filan şey fəsməkan idi” söhbətləri ilə zinhara gətirib hamını. 

Ancaq elə beyinlər də var ki, onların sahibləri zaman etibarilə hələ də qədim dövrlərdə yaşadıqları üçün onların başında şef spirtual zəkadır, o beyinlər hələ də bu qədim “ağsaqqalın” əmrlərini icra edirlər. Müasir beyində “Creative Quotient” kifayət qədər böyüyüb və gələcəyi yaratmaqla məşğuldur.

Əlinizdə, ətrafınızda nə varsa, müəllifi odur. “Aversity” zəka müharibələr görmüş qoca bir kişi kimi ancaq beyinin başına gələn tarixi hadisələri danışır xeyir-şər məclislərində. Eynən mənim atamın dayısı kimi Hitlerin üzünə, guya, lombası ilə tüpürdüyü ilə öyünür ki, dedim, ə, bu nə qanqaraçılıqdı. (Atamın dayısı 50 milyon insanın öldürüldüyü İkinci Dünya müharibəsinə “qanqaraçılıq” deyirdi biz uşaq olanda.) İntellektual və emosional beyin artıq ər-arvad deyillər, vətəndaş nikahında yaşayırlar. 

Bu gün insanın arzu və istəklərini yaradan bu “nüvə ailəsi”dir: intellektual ata, emisonal ana və yadaraıcı oğul - “İntelligence Quotient”,  “Emotional Quotient” və  Creative Quotient”. Açıq danışaq ki, artıq özünün müharibə xatirələri ilə “Aversity Quoitent” və cənnət-cəhhənnm söhbətləri ilə “Spritual Quotient” bütün ailəni bezdiriblər. Ancaq başın peşəkar olması üçün ailə dağılmamalıdır.

Bu adını çəkdiyimiz “ailə üzvlərinin” biri olmayanda baş düzgün qərarlar verməkdə çətinlik çəkir. Məsələn, başda ancaq “Spritual Quotient” olsa, o başı gəzdirən şəxs gecə-gündüz əlini ağdan-qaraya vurmayacaq, tutalım, bir Tibet rahibi kimi uca bir daşın üstündə oturub gözüyumlu halda dünyaya baxacaq. Yaxud başda ancaq “Creative Quotient” işləsə, adam rəsmən Maral Tahirqızı olacaq, çatana da mahnı oxuyacaq, çatmayana da. 

“İntelligence Quotient” başı tamamilə ələ keçirsə, “dünyanın xoşbəxti mənəm dünyada” deyib elə bir eqoizmə yoluxacaq ki, allah göstərməsin.

Deməli, yazının əvvəlində verdiyimiz suala cavab axtarmaq üçün insan beyninin iş prosesindən indicə kiçik bir reportaj hazırladıq və aydın oldu ki, beynimiz bütünlüklə iş başında olanda doğru, faydalı qərarlar verir.

Yalnız “Spritual Quotient”i çalışan beyinlər bizi cəhalətə apardığı kimi, yalnız  “İntelligence Quotient”i işləyən beyinlər də bizi dəhşətə apara bilər. Bizə ən yaxşı beyinlər lazımdır, həm müdrikliyi, həm fədakarlığı, həm də peşəkarlığı özündə birləşdirən beyinlər. 

İnsan istəsə uzaq məsafədən öz beyninin işinə müdaxiə edə bilər. Məsələn, sizin roman oxumaq deyə mənəvi bir ehtiyacınız yoxdursa, deməli, “Creative Quotient”iniz özünü heyvərəliyə vurub, zorla onda bədii ədəbiyyat oxumaq vərdişləri yaratmalısınız.

Yaxud ətrafınızda baş verən hadisələrə ancaq emosional reaksiya göstərirsizinzə, bu, o deməkdir ki, “İntelligence Quotient”inizi ağıllı nümunələrlə zənginləşdirməlisiniz. Əgər taleyinizin əvvəlcədən yazıldığına inanırsızınızsa, hər gün “Spritual Quotient”inizin əlindən öpün, çünki cənnətin açarı onun əlindədir.

Mən bu yazıda beyninizin içində baş verənləri sizə göstərməyə çalışdım. Kim görə bilmədisə, meymunu yaddan çıxarsın!