İranda qadın azarkeşlər stadiona buraxıldı və 14:0 - FOTO

11:36 11-10-2019 534

İran millisi Asiya çempionatının seçmə mərhələsinin oyununda Tehranın “Azadi” stadionunda Kamboca yığması ilə qarşılaşıb.

HerGun.Az xəbər verir ki, bu oyunda FIFA-nın tələbi ilə stadiona ilk dəfə çox sayda qadınlar buraxılıb.

78 minlik stadionda 3500-4000 qadın azarkeş matçı izləyib. İranlı azarkeş Nazəninin sözlərinə görə, qadınlar kişilərdən bir saat əvvəl stadiona buraxılıb. Stadionda FIFA müşahidəçiləri də olub ki, yerli hökumət nümayəndələrinin qadınlara qarşı hərəkətini qeydə ala bilsin.

Bu, istisnalar olmaqla qadınların 1979-cu il İslam İnqilabından sonra stadionda ilk futbola tamaşa etmə hadisəsidir. İran hökumətinin mətbuat katibi Əli Rabiyi stadionlara bundan sonra daha çox qadınlar buraxılacaq:

“Stadionlarda oyunları izləmək istəyən qadınların sayı artacaq. Ancaq şərtimiz var. Onlar İslam əxlaq kodeksinə uyğun olaraq ictimai sahman haqda qanunları, İslam dəyərlərini dəstəkləsələr, yalnız bu onda mümkün olacaq”.

Yeri gəlmişkən, qadınlar bu matçdan həzz alıb. Çünki onların sevimli milliləri Cənub-Şərqi Asiya yığmasına 14 cavabsız qol vurub. Hər hissəyə yeddi qol vuran İran millisində Ərdəbil azərbaycanlısı Kərim Ənsarifərd dörd, türkmən əsilli Sərdar Əzmun üç dəfə rəqib qapıçını məyus edib. Elə matçdan son nöqtəni də 88-ci dəqiqədə Kərim qoyub.

Qeyd edək ki, “İstiqlal”ın qadın azarkeşi Səhər Xudayari stadiona gizlincə girdiyi üçün altı aylıq həbs olunub. Bunu bilən Xudayari özünü yandırıb. Bu, İran hökumətinin qadınların futbol matçlarına buraxılmamasına etiraz olaraq sosial şəbəkələrdə “Blue Girl” (Komandasının rənglərinə görə ölümündən sonra hamı onu “Mavi Qız” deyə adlandırıb – S.M.) həştəqi ilə paylaşımlara səbəb olub və ciddi rezonans doğurub.

Onu da bildirək ki, İran millisinin ev oyununda sonuncu dəfə qadınlar ötən ilin oktyabrında Boliviya ilə yoldaşlıq matçında olub. Onda 100 seçilmiş qadın “Azadi”yə buraxılıb. Lakin bundan bir gün sonra baş prokuror açıqlayıb ki, “günaha yol açan” bu hərəkətə görə qadınlar bir daha stadiona buraxılmayacaq.

Səbuhi Musayev