Bakıda məktəbin yaxınlığında top mərmisi və aviabomba tapıldı - FOTO

21:54 11-10-2019 7

Nərimanov rayonu ərazisində partlamamış sursat aşkarlanıb. 

ANAMA-dan HerGun.Az-a verilən məlumata görə, 2019-cu il 11 oktyabr tarixində saat 16:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, 73 saylı tam orta məktəbin yaxınlığında 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. 

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib.  

Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tərkibində partlayıcı maddə (TNT) olan top mərmisi (1 ədəd 100 mm-lik OF-412 və 1 ədəd 130 mm-lik F-46) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan aviabomba aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Mərmilərin ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.