Bu il MDB-də 13 terror qrupu zərərsizləşdirilib - Siyahıda Azərbaycan da var

15:40 07-11-2019 817

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik agentlikləri və xüsusi xidmət orqanları rəhbərlər şurasının iclasında bu il terrorla mübarizə sahəsində tərəfdaş ölkələrdə aparılan birgə əməliyyatlardan danışıb.

O bildirib ki, Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistanın xüsusi xidmət orqanları tərəfindən 2019-cu ildə beynəlxalq terror təşkilatlarının 13 qrupu aşkar edilərək fəaliyyəti dayandırılıb və 138 dəstə üzvü saxlanılıb.

O əlavə edib ki, may-oktyabr aylarında terror və ya dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən 200-dən çox MDB vətəndaşı sərhəddə saxlanılıb.

Belarus təhlükəsizlik xidməti ilə birlikdə qanunsuz silah tədarükü ilə məşğul olan şəbəkə ifşa olunub, 40-dan çox silah və doqquz min silah-sursat ələ keçirilib. 

Bundan əlavə, Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanları xeyli miqdarda narkotik və psixotrop maddələri dövriyyədən çıxarıb.