Qadın referimiz: Mundialda hakimlərə azarkeşlik edəcəm

19:25 14-06-2018 28

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə dünya çempionatına start veriləcək.

HerGun.Az bu münasibətlə bəzi tanınmış simalardan fikirlərini öyrənib.

Rafael Ağayev (karateçi): Dünya çempionatına futbol həvəskarı kimi mən də baxacağam. Amma bu mundialda kiməsə azarkeşlik etməyəcəyəm. Çünki azarkeşlik etdiyim İtaliya millisi bu dünya çempionatına çıxmayıb.

Hacı Əliyev (sərbəst güləşçi): Portuqaliyanın çempion olmasını istəyirəm. Çünki Kriştianu Ronalduya azarkeşlik edirəm. Futbolda ondan başqası mənim üçün maraqsızdır. Ancaq reallığı götürsək, Fransa və ya Braziliyadan biri dünya çempionu olacaq. Yəqin ki maraqlı oyunlara dostlarla böyük ekran qarşısında baxacağam. Portuqaliyanın oyunları vaxtı bu yüz faiz belə olacaq. Ancaq adi oyunlara evdən baxacağam.

Rəsul Çunayev (yunan-Roma güləşçisi): Mən futbolun o qədər də fanatı deyiləm. Ona görə də orda hansı komandaların iştirak etməsindən xəbərim yoxdur. Amma dostlarımdan kimsə maraqlı oyuna baxırsa, mən də qoşulub baxıram.

Əfran İsmayılov (futbolçu): Lionel Messi amilinə görə Argentinanın çempion olmasını istəyirəm. Argentina – İspaniya və ya Braziliya – Almaniya finalını görə bilərik.

Maya Nəbiyeva (futbol hakimi): Ümumiyyətlə, futbolda heç bir komandaya azarkeşlik etmirəm. Hər bir izlədiyim oyuna hakimlik prizmasından baxıram. Belə deyək ki, hakimə azarkeşlik edirəm (gülür). Bütün oyun boyu mənə hakimin qərarları, onun idarəçiliyi maraqlı gəlir. Oyunlara baxanda bizdə mütləq hər iki komandanın azarkeşi olur, mən isə üçüncü şəxslərə azarkeşlik edirəm. Amma öz işlərinin peşəkarı kimi Ronaldu və Messiyə simpatiyam var. Onlar bu yerə öz əziyyətləri ilə gəlib.

Aqil Abbas (millət vəkili): Həmişə Braziliyaya azarkeşlik etmişəm. Türkiyə mundialda olmadığı üçün Almaniyanın da qalib gəlməsini istəyəcəyəm. Çünki o millidə üç türk balası oynayır. Hətta onlar Braziliya ilə qarşılaşsa, Almaniyaya azarkeşlik edəcəyəm.

Səbuhi TOFİQOĞLU