Ölümcül virus doqquz can aldı

09:40 22-01-2020 395

Çində yeni yayılan təhlükəli koronovirusdan doqquz nəfər ölüb.

Gazeta.ru-nun Çin mərkəzi televiziyasına istinadən yaydığı xəbərdə artıq koronovirusun yeni növünə yoluxan doqquz nəfərin öldüyü bildirilir.

Onların hamısı Xubey əyalətinin sakinləridir. Virus ilk dəfə bu ərazidə aşkar edilib.

Hazırda 440 nəfərin həmin virusa yoluxduğu məlumdur.

Milli Səhiyyə Komissiyasının müavini Lee Bin bildirib ki, virus tənəffüs yolu ilə yoluxur. O qeyd edib ki, hazırda təhlükəli virus mutasiyaları və onların daha çox yayılması təhlükəsi mövcuddur.

Beynəlxalq Səhiyyə Təşkilatı virusun yayılması ilə əlaqədar fövqəladə yardım komitəsinin təcili iclasını təyin edib.

Qeyd edək ki, 2019-cu il 31 dekabrda Çin hökuməti Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin başlandığını açıqlayıb. Yanvar ayında xəstəliyin törədicisinin yeni koronavirus növü olduğu məlum olub.