Bakıda bina tikintisinə görə ağacları kəsdilər - VİDEO

15:20 23-01-2020 423

Binəqədi rayonu Nəcəf Nərimanov küçəsində ağaclar kəsilib.

Bu barədə HerGun.Az-a ərazidə yaşayan sakinlər məlumat verib. 

Redaksiyamıza verilən məlumata görə, sözügedən ünvanda əhalinin istirahəti üçün nəzərdə tutulan park var. Sakinlər deyir ki, park ərazisindəki ağaclar bina tikintisi məqsədi ilə məhv edilib. 

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov ilə əlaqə saxladıq. 

O.Məmmədov redaksiyamıza verdiyi açıqlamasında faktı təsdiqləyib və bununla bağlı araşdırma başladıldığını deyib:

“Bu gün şöbəyə Binəqədi rayonu Nəcəf Nərimanov küçəsi 87 ünvanında, binaların qarşısında yerləşən parkda ağacların kəsildiyinə dair məlumat daxil olub. Məlumat əsasında əraziyə baxış keçirilib. Ərazidə insanların istirahəti üçün salınan park var. Baxış zamanı park ərazisində beş ağacın kəsilməsi faktı təsdiq olunub. Tərəfimizdən akt tərtib olunub. 

Araşdırma zamanı məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə olan ağacların köçürülməsi üçün rəy verib. Lakin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin əməkdaşları ağacları köçürmək yerinə ağır texnika ilə məhv ediblər. Bu məqamla bağlı da araşdırma başladılıb. Məsələnin yekun nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”

Könül Cəfərli