Rusiyada azərbaycanlı vitse-admirala büst qoyulacaq

14:54 11-07-2019 598

Rusiyanın Baltiysk şəhərində azərbaycanlı vitse-admiral Həmid Qasımbəyovun büstünün qoyulması planlaşdırılır.

Bu məsələ Baltiysk şəhər dairəsi administrasiyasının rəhbəri Sergey Melnikovun bölgədəki Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayevlə görüşündə müzakirə edilib.

Büst 9 May - Qələbə Gününün 75-ci ildönümü ilə əlaqədar Çexov küçəsində quraşdırılacaq.

Qeyd edək ki, Həmid Həbib oğlu Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvanda anadan olub.

O, İkinci Dünya Müharibəsi veteranıdır. Baltiysk şəhərinin bərpası və inkişafına böyük töhfə verib.

Müxtəlif illərdə I dərəcəli Vətən müharibəsi ordeni, “Qırmızı Ulduz” ordenləri daxil olmaqla, 30-dan çox medalla təltif edilib.

H.Qasımbəyov 2005-ci il aprelin 22-də Bakıda vəfat edib.