SOCAR dünyanın enerji xəritəsində iri oyunçudur - TƏHLİL

18:18 12-07-2019 16

Bu gün SOCAR-ı transmilli şirkət kimi göstərmək olar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib və genişləndirməyə davam edir.

Hazırda ARDNŞ digər ölkələrin bazarlarına çıxır. SOCAR-ın nümayəndəliyi və treydinq şirkətləri Gürcüstan, Türkiyə, Rumıniya, Avstriya, Qazaxıstan, Böyük Britaniya, İran, Almaniya, Ukrayna, Belçika, İsveçrə, Sinqapur, Vyetnam və Nigeriyada təsis edilib. SOCAR Avropada və postsovet məkanında investisiya layihələrində fəal iştirak edir.

Bunu Media.Az-a Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadi elmlər doktoru Elşad Məmmədov deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Türkiyənin “Bursagaz” və “Kayserigaz” şirkətləri Azərbaycan Dövlət Neft Şirkətinə keçib:

“SOCAR Türkiyədə ən böyük xarici investorlardan biridir.  Belə ki, SOCAR “Petkim”in alışından etibarən öz sərmayələrini qardaş ölkədə inkişaf etdirməyə davam edir. Türkiyədə STAR neft emalı zavodu və “Petkim” neft-kimya kompleksi fəaliyyət göstərir. Bu, Türkiyə iqtisadiyyatının real sektoruna birbaşa investisiyalardır”.

E.Məmmədov qeyd edib ki, bununla yanaşı, SOCAR Rusiyada fəaliyyətini genişləndirir:

“Şirkət Rusiyanın Tümen vilayətində yerləşən Antipinsk NEZ-in səhmlərinin 80 faizini alıb və ildə 9 milyon tona qədər xammal emalı ilə məşğul olur. Bu, çox perspektivli istiqamətdir, çünki bu bazar öz miqyasına görə Ukrayna və Gürcüstan bazarları ilə müqayisəedilməzdir".

Gürcüstan istiqamətinə gəlincə, “SOCAR Georgia” 2019-ci ildə Tercolada iri, çoxfunksiyalı kompleks açmağı planlaşdırır. Qeyd edək ki, “SOCAR Georgia Gas” 2017-ci ildən 2008-ci ilədək Gürcüstana 290 milyon dollar məbləğində investisiya qoyub və 250 min abonenti qazla təmin edib.

Hazırda Rumıniyanın 20 regionunda SOCAR brendi altında yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyət göstərir. Daha əvvəl xəbər verildiyi kimi, SOCAR Rumıniyada YDM şəbəkəsini 60 məntəqəyədək genişləndirməyi planlaşdırır. Şirkət indiyə qədər ölkədə 550-yə yaxın iş yeri yaradıb və Rumıniyaya 64 milyon avrodan çox sərmayə yatırıb.

Hazırda Azərbaycan Ukraynaya əsas neft tədarükçüsüdür. 2019 ilin yanvar-may aylarında Ukrayna 138,115 milyon dollar məbləğində neft idxal edib, bunun 135,679  milyonu Azərbaycandan alınıb. “SOCAR Ukraine” bu ölkədə YDM şəbəkəsinə malikdir və 60 yanacaqdoldurma məntəqəsini idarə edir. Şirkət, həmçinin Kiyev, Lvov, Xarkov və Odessada neft bazalarına malikdir.

Əgər Avropadan danışsaq, Avstriya və İsveçrə SOCAR üçün strateji bazardır. SOCAR-ın İsveçrədəki törəmə strukturu AP SOCAR 2017-ci ilin dekabrında А1 şirkətindən Avstriya YDM-lərini, eləcə də “Pronto Oil”i əldə edib. “SOCAR Energy Switzerland” şirkəti 2019-2023-cü illər ərzində İsveçrədə 20 sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikəcək. SOCAR İsveçrədə neft məhsullarının pərakəndə ticarət sahəsində fəaliyyət göstərir, SOCAR brendi altında 170 yanacaqdoldurma stansiyasından ibarət şəbəkəsi var. Bununla yanaşı, İsveçrənin Sürix şəhərində “SOCAR Trading” ticarət şirkətinin mənzil-qərargahı yerləşir.

“SOCAR Trading”in təmsilçiliyi Afrika qitəsində, Nigeriyada da fəaliyyət göstərir. Həmçinin SOCAR və Çinin İpək Yolu Fondu arasında əməkdaşlıq qurulur.

Professorun sözlərinə görə, SOCAR-ın fəaliyyəti nəinki Azərbaycanın, həm də digər ölkələrin iqtisadiyyatının mühüm tərkib hissələrindən biridir:

“Şirkət strateji hədəflərdən biri kimi neft emalına böyük diqqət yetirir. Bu ondan xəbər verir ki, ARDNŞ qarşısına öz gəlir paketinin şaxələndirilməsi üzrə strateji məqsədlər qoyur. Bu isə dünya və regional bazarlarda şirkətin rəqabət qabiliyyətini artırır. İstisna olunmur ki, yaxın gələcəkdə SOCAR Azərbaycanın yüksək texnologiyalı emal sənayesinə investisiya yatırmağa başlayacaq. Bu, çox perspektivli istiqamətdir”.

E.Məmmədov diqqətə çatdırıb ki, “Şahdəniz” qaz-kondensat yatağının istismarına başlanılması fonunda Azərbaycanın qaz sənayesi baxımından imkanları genişlənir.

Qeyd edək ki, “SOCAR Azerbaijan” “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiumda 10 faiz paya sahibdir. SOCAR-ın Bakı-Tbilisi-Ceyhan neft kəmərində və “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft hasilatında da 10 faizlik paya malikdir.

O xatırladıb ki, hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun və “Şahdəniz” dəniz yatağının işlənməsi haqqında müqavilələr Azərbaycanın ən iri neft-qaz müqavilələridir. AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında saziş Azərbaycanın perspektivlərini xeyli artırıb. Çünki siyasi və iqtisadi baxımıdan ölkənin imkanları hazırda 1994-cü il ilə müqayisə edilə bilməz.

Qeyd edək ki, AÇG blokunun işlənməsi haqqında müqavilə 1994-ci ildə imzalanıb. 2017-ci il sentyabrın 4-də isə Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni saziş imzalanıb. Layihədə iştirak payı aşağıdakı kimidir: BP (operator) - 30,37%, SOCAR - 25%, “Chevron” - 9,57%, INPEX - 9,31%, “Equinor - 7,27%, “Exxonmobil” - 6,79%, TP - 5,73%, ITOCHU - 3,65%, ONGC Videsh Limited (OVL) - 2,31%

SOCAR 15 ölkədən 24 şirkətlə 19 PSA-müqaviləsi və iki “risk service” saziş imzalayıb. SOCAR prezidenti Rövnəq Abdullayev bəyanatlarının birində bildirib ki, xarici podratçılar 1995-ci ildən Azərbaycanın neft-qaz sektoruna 80 milyard dollardan çox sərmayə qoyub. SOCAR rəhbəri qeyd edib ki, Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunub. Eyni zamanda, Azərbaycan qonşu ölkələrin enerji təhlükəsizliyi sisteminin ayrılmaz hissəsinə çevrilib.