Politoloq: SOCAR Gürcüstanda həm də “humanitar sponsor”dur

12:45 13-07-2019 819

“SOCAR Georgia Petroleum” dəfələrlə Gürcüstanın ən iri vergi ödəyicisi olub, “Ən iri investor şirkət”, “Ən yaxşı infrastrukturu olan YDM”, “Xeyriyyə təşkilatı” və s. nominasiyalarda qalib gəlib.

Gürcüstanda SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) işini qiymətləndirirlər, çünki şirkət təkcə təbii qaz, neft və neft məhsullarının əsas tədarükçüsü deyil, həm də bir növ “humanitar sponsor”dur.

Bunu Media.Az-a açıqlamasında gürcüstanlı politoloq Vasili Papava deyib.

Onun sözlərinə görə, hər bir şirkət fəaliyyət sahəsindən asılı olmayaraq, öz dövlətinin bir növ təmsilçisi, simasıdır:

“Brend şirkətləri öz maraqlarını irəli aparmaq üçün dövlətin əlində effektiv vasitədir. Onlar ölkənin tanınmasına kömək edir. Bunu tamamilə SOCAR-ın Gürcüstandakı fəaliyyəti haqqında da demək olar”.

Politoloq bildirib ki, SOCAR Gürcüstanda müxtəlif idman federasiyalarının, mədəniyyət tədbirlərinin, intellektual oyunların və s. sponsorudur:

“Bütün bunlar SOCAR-ın nüfuzunu əhalinin gözündə yüksəldir, həm şirkətin, həm də təmsil etdiyi ölkənin müsbət imicinin formalaşmasına xidmət edir.

SOCAR 2006-cı ildən Gürcüstanın neft-qaz sektorunda fəaliyyət göstərir. SOCAR təbii qaz, neft və neft məhsullarının Gürcüstana əsas tədarükçüsüdü. Şirkət Gürcüstanda fəaliyyət göstərdiyi illər ərzində ölkəmizdə müxtəlif layihələrə 1,5 milyard dollardan çox investisiya yatırıb”.