Azərbaycanda kənd muzeyi: Fransadan gətirilmiş eksponatlar da var - FOTOREPORTAJ

17:27 13-07-2019 589

Astaranın qədim kəndlərindən olan Kakalosda yerləşən kənd muzeyində yaşı əsrlərlə ölçülən eksponatlar saxlanılır.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, buradakı eksponatların sayı beş minə yaxındır.

Astara Tarix-Diyarşünaslıq Muzeyinin Kakalos kəndindəki filialı ömrünü rayonda mədəniyyət və incəsənətin inkişafına həsr etmiş Fərbiyyə Şabanovanın topladığı eksponatların bazasında yaradılıb.

Fərbiyyə xanım eksponatların bəzilərini pulla alıb, çoxu isə filiala müxtəlif insanlar tərəfindən bağışlanıb. Filialın ekspozisiya bölməsi Kakalos kəndinin tarixinə, əhalinin həyat tərzinə və məişətinə həsr olunub.

Burada nümayiş olunan müxtəlif əl işləri, o cümlədən, həsir, zənbil, kosara, sərinkeş, bəzək əşyaları öz orijinallığı ilə seçilir. Ağacdan, dəmirdən, mis və gümüşdən hazırlanmış müxtəlif növ məişət və ev əşyaları isə kəndin qədim tarixindən xəbər verir.

30 bölməsi olan muzeyi müxtəlif yaş qruplarından olan insanlar, yerli və xarici turistlər ziyarət edir.

XIX əsrin əvvəllərində Fransadan gətirilmiş qramofon, lampalar, qədim əlyazmalar və pullar turistlərin böyük marağına səbəb olur. İlk sənəti çertyojçu-modelyer olan Fərbiyyə xanım bu vaxta qədər folklor ansamblları üçün 300-dən çox geyim tikdiyini vurğulayıb.

Filialın əməkdaşları kəndin tarixini öyrənmək üçün bu gün də axtarışdadırlar. Yaxın gələcəkdə buranın filial kimi yox, müstəqil muzey kimi fəaliyyət göstərəcəyinə ümid edirlər.

Rövşən Mövlan