Öskürəyin tibbi maskanın müdafiə qabiliyyətinə təsiri müəyyən edilib

05:20 18-06-2020 341

Fiziklərin hesablamalarına görə, davamlı öskürək tibbi maskaların müdafiə qabiliyyətinə təsir edir.

“Physics of Fluids” elmi nəşri xəbər verir ki, öskürək zamanı ifraz olunan damcılar maska və tənəffüs aparatlarının müdafiə gücünü 10% azaldır.

Alimlər qərara gəlib ki, maskada toplanan maye nəinki nəfəsalmanı çətinləşdirir, eyni zamanda maskanın liflərinin formasını, onlar arasındakı məsafəni dəyişir.

Kompüter modelində aparılan hesablamalar göstərib ki, hətta sadə cərrahi maskalar da əvvəlcə 91% aerozol hissəciklərini və mikrodamcıları saxlayır. Ancaq hər dəfə öskürək zamanı bu göstərici sürətlə azalır. Onuncu öskürəkdən sonra həmin rəqəm 82%-ə düşür.

Müəyyən olunub ki, ikinci öskürək zamanı ağızdan çıxan mikrodamcılar, maskanın taxılmasına baxmayaraq, 70 sm məsafəyə sıçraya bilir.

Bütün bunlar nəzərə alınaraq, sosial məsafə qaydasına mütləq riayət olunmalıdır.