Koronavirusdan sağalan professor “İblisin əsarətində” olmasından danışdı

05:40 18-06-2020 325

İngiltərənin Liverpul şəhərinin sakini iki ay əvvəl koronavirusdan sağalsa da, qəribə simptomlardan əziyyət çəkdiyini bildirib.

Bu barədə “Liverpool Echo” nəşri xəbər yayıb.

Məlumata görə, 64 yaşlı epidemioloq-professor Pol Qarner daim möhkəm sağlamlığı ilə fərqlənib, qaçış və yoqa ilə məşğul olub. Buna baxmayaraq, koronavirus bəlası ondan da yan keçməyib. Lakin 60 gün sonra P.Qarner xəstəliklə mübarizədə qalib gələ bilib: testin nəticələri mənfi çıxıb.

Artıq analizin son nəticələrindən üç ay keçib. Bununla belə, xəstəliyin simptomları professoru tərk etməyib.

“Bu dəhşətlidir. Artıq üç aydır ki, özümü pis hiss edirəm. Taqətsizəm. Bu yaxınlarda beş kilometr gəzdim, ertəsi gün çarpayıdan qalxa bilmədim”, - deyə, britaniyalı alim bildirib.

O, bir az artıq iş görən kimi yorğunluqdan halsız düşdüyünü sözlərinə əlavə edib:

“Bilmirəm, bu nə qədər davam edəcək, ancaq həftələr, aylar çəkə bilər. Bəzi insanlarda xroniki yorğunluq simptomu illərlə çəkir”.

“Elə bil ki, İblisin əsarətindəyəm. Əgər orta əsrlər dövrü olsaydı, hamımız onun əsarətində olduğumuzu düşünərdik. Bax, bu, belə bir hissdir. Sadəcə, ümid edirəm ki, tezliklə fiziki məşqlərə qayıda bilərəm”, - deyə, professor sözlərini yekunlaşdırıb.