Tovuz Rayon Prokurorluğundan qaz borusundakı partlayışla bağlı AÇIQLAMA

21:40 20-06-2020 350

Tovuzda qaz borusunda aparılan təmir zamanı baş vermiş partlayışla bağlı rayon prokurorluğu açıqlama yayıb.

Prokurorluqdan HerGun.Az-a daxil olan məlumatda deyilir:

“İyunun 20-də Tovuz rayonu ərazisində qaz borusunda aparılan təmir işləri zamanı baş vermiş partlayış nəticəsində iki nəfərin yanıq xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Hadisə yerinə baxış zamanı geyim əşyalarının yanıq hissələri, yanmış torpaq nümunələri, termiki təsirə məruz qalmış alışqan, boru xəttindən təbii qaz nümunəsi, termiki təsirə məruz qalmış boru kəsiyi götürülmüş, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyat keçirilib.

Aparılan ilkin araşdırılmalarla müəyyən olunub ki, “Yurd Construction” MMC-də fəhlə işləyən 1957-ci il təvəllüdlü Məhərrəm Süleymanov və iş icraçısı 1966-cı il təvəllüdlü Sənan Quliyev rayonun Xatınlı kəndi ərazisində qaz borusunun çəkilməsi işlərini həyata keçirən zaman baş vermiş partlayış nəticəsində termiki yanıq xəsarətləri alıblar.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanılıb, iş üzrə zəruri ekspertizalar təyin edilib.

Hazırda zərərçəkmişlərin stasionar şəkildə müalicələri aparılır.

Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirləri davam etdirilir”.