AMEA antik dövrə aid abidələri tədqiq edir - FOTO

16:00 27-08-2020 404

Ötən il Yardımlı rayonunda antik dövrə aid tapılan maddi-mədəniyyət nümunələri üzərində bu il tədqiqatlara başlanılıb. 

Bu barədə HerGun.Az-ın sorğusuna Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli cavab verib. 

O bildirib ki, ötən il Yardımlı rayonunun Urakəran kəndində təsərrüfat işləri aparılarkən antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar olunub:

“Dövlət Xidmətinin rayon üzrə əməkdaşları və yerli icra nümayəndəliyi ilə birgə həmin ərazidə təsərrüfat işlərinin aparılması dayandırılıb. Bu il həmin ərazidə arxeoloji işlərin aparılması ilə bağlı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ceyhun Eminliyə verilən vəkalətnamə Dövlət Xidmətində qeydiyyata alınıb. 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr üzrə Yardımlı-Lerik arxeoloji ekspedisiyası Urakəran kəndində aparılan arxeoloji işlər nəticəsində bir sıra maddi-mədəniyyət nümunələri aşkar olunub. Tədqiqatlar davam etdirilir”.

Qeyd edək ki, bu barədə ilk məlumatı APA yayıb.