FIFA20 1-ci Liqası: Qazax klubundan gözlənilməz məğlubiyyət, Qarabağ atları isə qazanmaqda davam edir - FOTO

12:40 28-08-2020 648

Avqustun 27-də FIFA20 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Turun mərkəzi qarşılaşması “Qazax Ashiqs” və “Qobustan Stones” komandaları arasında baş tutub. Bu tura qədər qazaxlıları lider Qubadan 4, ikinci pillədəki Naxçıvan təmsilçisindən isə cəmi 1 xal ayırırdı. Lakin öz oyunlarını qələbə ilə başa vuran Quba və Naxçıvan klublarından fərqli olaraq, Qazax komandası gözlənilmədən Qobustan kollektivinə 1-2 hesabı ilə uduzaraq, liderlə xal fərqini 7-yə çatdırdı.

Turun maraqla gözlənilən digər oyunu Şəki və Qarabağ klubları arasında keçirilib. 4 və 5-ci pillələrdə qərarlaşan komandalar liderlərə maksimum yaxınlaşmaq əzmində idilər. Qələbə hər iki komandaya hava-su kimi vacib idi. Gərgin keçən qarşılaşmada bəxt Qarabağın üzünə güldü.

Minimal üstünlüklə (2:3) qalib gələn köhlən atlar, Şəki xanları ilə xallarının sayını bərabərləşdirdi.

Beləliklə, eyni xala sahib Qarabağ və Şəki kollektivlərindən, məzh qalib olan Tural Həsənovun komandası 4-cü pilləyə yiyələndi.

Turun daha bir maraqlı nəticəsi “Tovuz Winegrowers” komandasının Mingəçevir üzərində qazandığı böyük hesablı (0:4) qələbədir.

Autsayderlər qrupundan qərarlaşan Qax və Zaqatala təmsilçiləri arasında keçirilən gərgin qarşılaşmada (3:3) qalib müəyyənləşmədi. Turun digər oyunlarında Şamaxı Gəncədən 2:1, Neftçala isə Balaxanıdan 4:1 hesabı ilə üstün oldu. “Siazan Castles” - “Lankaran Heroes” oyununda 2-2- lik heç-heçə qeydə alındı.

Liqanın bir-birindən maraqlı matçlarını həftənin altı günü saat 12:00-dan 17:00-dək GLAHUB “YouTube” kanalında və 16:00-dan 17:00-dək “İdman TV” kanalında canlı olaraq izləməyə davam edin.

Eyni zamanda, FIFA20 1-ci Liqası ilə bağlı bütün məlumatlarla kiberidmanın yeganə ünvanı olan “Gaming League Azerbaijan” tərəfindən xüsusi olaraq yaradılmış fifa.gla.az veb-saytında tanış ola bilərsiniz.

Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “İdman TV”, Azərbaycan Kiber İdman Federasiyası, “Gaming League Azerbaijan” (GLA) və “Topaz”ın birgə təşkilatçılığı, “BirBank”ın baş sponsorluğu ilə keçirilən FIFA20 1-ci Liqasına sentyabrın 11-də yekun vurulacaq.