İctimai fəal: İnsanlar əşyalarını satır və ailələrini dolandırmaq üçün istənilən bir növ iş axtarır

17:00 28-08-2020 479

Yeni dərs ili ərəfəsində mağazaların vitrinləri şagirdlər üçün məktəb geyimləri, ayaqqabı, çanta və digər ləvazimatlarla dolu olsa da, həmvətənlərimizin əksəriyyətini tamamilə fərqli məsələlər narahat edir.

Artıq altı aydır işsiz və dəstəksiz karantində oturan bir çox həmvətənimiz yaşamaq uğrunda mübarizə aparır, ailələrini dolandırmağa çalışır.

Cəmiyyətimizin güzgüsü olan sosial şəbəkələr də buna sübutdur.

Müxtəlif “Facebook” səhifələrində maddi və ya ərzaq yardımı istəyən insanların müraciətlərini görə bilərik. Bəzi insanlar internetdə cüzi pul müqabilində istifadə etdikləri geyimi, ayaqqabını, oyuncağı, məişət əşyalarını satışa çıxarırlar. Vətəndaşlar internetdə ev işlərində yardımçı, dayə, bağban kimi iş axtarırlar, lakin tapa bilmirlər.

Əvvəllər ehtiyacı olanlara kömək etməyə çalışan insanlar, bu gün xeyirxah işlərə fasilə olmaqdan ehtiyat edirlər. 

Karantin rejimi tətbiq olunandan bəri Samir Osmanov həmfikirləri ilə birlikdə “Yaşlılar və karantin zamanı ehtiyacı olanlar üçün pulsuz yardım” adlı “Facebook” səhifəsi açıb.

Səhifə ehtiyacı olan insanlarla öz vəsaitini ianə etməyə hazır olan şəxsləri bir araya gətirən platformalardan biri oldu.

S.Osmanovun Media.Az-a verdiyi məlumata görə, birgə səylər nəticəsində 500-dən çox imkansız ailəyə, tənha insanlara, qocalara kömək etmək mümkün olub. Lakin bu gün onların fəaliyyətləri müvəqqəti olaraq dayandırılıb. Səbəbi bəllidir. Yardımı həyata keçirən insanların aylarla davam edən fəaliyyətsizliyi nəticəsində bütün ehtiyatları tükənib.

“Öz hesabımıza, həmçinin səhifə üzvlərinin hesabına insanlara kömək edirdik, kənardan yardım almırdıq. Biz xeyriyyəçi təşkilat yox, daha çox təşəbbüskar qrupuq. İnsanların dərman, qida, geyim, kommunal xərclərini və mənzil kirayəsini ödəməyə kömək edirdik.

Məsələn, qrup üzvlərinin maddi köməyi sayəsində bir qızın əməliyyat pulunu ödədik. İndi vəziyyət o həddə çatıb ki, kömək edənlərin bəzilərinin özlərinin yardıma ehtiyacı var. Təəssüf ki, vətəndaşlarımızın sosial vəziyyəti hər gün ağırlaşır”, - deyə S.Osmanov bildirib.

Onun sözlərinə görə, ehtiyacı olan insanlar sosial şəbəkədəki səhifələri son şans kimi qiymətləndirərək maddi dəstək tapmağa çalışırlar. Səhifəyə müraciət edənlərin əksəriyyəti cərrahiyyə əməliyyatı üçün pulu olmayanlar, qida məhsullarına ehtiyacı olanlar, mənzil kirayəsini ödəyə bilməyənlər, kommunal borcunu bağlamağa çalışan və dərman almaq istəyənlərdir.  

“Ancaq müraciətlərə cavab verənlər hər gün daha da azalır. Bu gün hər kəs üçün çətindir. Demək olar ki, hamı pandemiya və karantinlə əlaqədar olaraq eyni vəziyyətdədir. Heç nədənsə 190 manat yardım yaxşıdır, amma gördüyümüz kimi, bu məbləğ vətəndaşların problemlərini həll etmədi. Altı aylıq karantin müddətində daha təsirli tədbirlər həyata keçirilə bilərdi. Misal üçün, ehtiyacı olanlara ilkin tələbat ərzaqları ilə yardım göstərmək, kommunal xidmətlər üçün güzəştlər tətbiq etmək, banka kreditlərinin ödənilməsini təxirə salmaq və sairə”, - deyə S.Osmanov qeyd edib.

Müsahibimiz qeyd edir ki, insanlar ailələrinin zəruri ehtiyaclarını təmin etmək üçün, hər şeyə getməyə hazırdırlar.

“Onlar borca girir, qohumlarından kömək istəyir, zərgərlik və məişət əşyalarını, paltarlarını, özü də demək olar ki, çox ucuza satırlar. Bəzi insanlar şərtlərindən asılı olmayaraq istənilən işdə çalışmağa razıdırlar. Lakin əksər hallarda onların səyləri nəticəsiz qalır, çünki ölkənin əksər sahələri karantindədir. Bundan başqa, insanlar əlavə xərclərdən çəkinməyə çalışırlar. Hər kəs bacardığı qədər qənaət edir”, - deyə həmsöhbətimiz qeyd edir.

S.Osmanovun müşahidələrinə görə, ən acınacaqlı vəziyyət paytaxtın Maştağa, Məhəmmədi, Sabunçu, Ramana, Bakıxanov, Əmircan qəsəbələrindədir.

“Elə ailələr var ki, insanın ürəyi parçalanır - ev uçub-dağılır, heç bir təmir yoxdur. Qapını tənha yaşlı bir qadın açır və min dəfə şükür edir”, - deyə S. Osmanov vurğulayır.

S.Osmanov ehtiyacı olmadığı halda, özlərini ehtiyaclı kimi təqdim edən insanlar barədə də söz açdı:

“Təəssüf ki, belə hallar da olub. Əlimizdə yardım paketləri ilə ehtiyacı olan ailənin evinə yollanırdıq və oradakı vəziyyətlə tanış olan kimi həmin ailənin kifayət qədər təminatlı olduğunu görürdük.

Elələri də var ki, yardımı qarşı tərəfin borcu kimi qiymətləndirirlər. Bu yaxınlarda yeni doğulan körpəyə uşaq arabası və dərman aparıldı. Bir müddət sonra onlar təkrar zəng edib kirayə pulunu ödəmək üçün daha 300 manata ehtiyac olduğunu bildirdilər. Olur ki, insanlar bir neçə xeyriyyə təşkilatından yardım alsalar da, onlara kömək edildiyini etiraf etmirlər. Lakin zaman keçdikcə bütün bu məqamlara aydınlıq gətirdik. Telefonla hamıya izah etdik ki, biz hökumət təşkilatı deyilik və bütün məhsullar sıravi vətəndaşların hesabına alınır. Əlavə olaraq, könüllülər ailənin ehtiyaclılıq vəziyyətini müəyyənləşdirmək üçün bir başa ünvanlara gedərək bizə foto-hesabat təqdim edirdilər.

Əsasən, insanlar həqiqətən də yardıma ehtiyac duyurlar və karantin ayları uzandıqca onların sayı çoxalmağa doğru gedir”, - deyə S.Osmanov sözünü yekunlaşdırdı.