Azərbaycan sənətkarlarının növbəti uğuru - VİDEO

00:40 29-08-2020 417

Şəki ustalarının hazırladığı əsər Vatikan səfirliyinin binasını bəzəyəcək.

Baku TV xəbər verir ki, səfirliyin Ukraynada yerləşən binasının fasadında şəbəkədən istifadə olunacaq.

Gənc şəbəkə ustası İlqar Rəsulzadənin söylədiyinə görə, hər şey Vatikanın Azərbaycandakı keçmiş səfiri Klaudio Quqerottinin Vatikanın Belarusdakı səfiri təyin olunmasından sonra baş verib. O bildirib ki, səfir Şəkidə olduğu zaman ziyarət etdiyi atası Tofiq ustaya Belarusdan yeni sifarişlər göndərib. Daha sonra Ukraynaya səfir təyin edildikdən sonra, oradakı binanın şəbəkəylə bəzədilməsini Tofiq Rəsulova həvalə edib.

Artıq Avropaya göndəriləcək olan şəbəkə hazır vəziyyətə gətirilib. Hündürlüyü 6 metr, eni isə 1 metr 50 sm olan şəbəkə 8 hissədən ibarətdir. Şəbəkənin hazırlanmasında 6 min ədəd şüşə və taxta parçalarından istifadə olunub, milli ornametlər işlənib. Əsəri məşhur şəbəkə ustası Tofiq Rəsulov, oğlu İlqar Rəsulzadə və gənc şəbəkəçilər ərsəyə gətirib.

Qeyd edək ki, şəbəkələrin Ukraynaya  göndərilməsi üçün müvafiq sənədlər hazırlanır. Şəki sənətkarlarının əl işlərinin təhlükəsiz şəkildə ünvana çatdırılması üçün Vatikan dövləti xüsusi olaraq yük maşını sifariş edib. Kiyev şəhərində şəbəkələri quraşdırmaq üçün usta Tofiq Rəsulov başda olmaqla, üç nəfər sənətkar yola düşür.