Şirkət direktoru külli miqdarda mənimsəmədə ittiham olunur

18:20 07-06-2021 362

“Ceyhun 1994” və “Sanqalan-M” MMC-in direktoru Ceyhun Qurbanzadənin qanunsuz əməlləri ilə əlaqədar aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılan ibtidai istintaqla Ceyhun Qurbanzadənin qeyd olunan vəzifədə işləyərkən direktoru olduğu müəssisələrin Ağsu Rayon İcra Hakimiyyəti, rayonun Kommunal Müəssisələr Kombinatı, Mənzil İstismar Sahəsi, “Yaşıllaşdırma və Abadlaşdırma” MMC və RİH başçısının Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2019-cu ildə keçirilən kotirovka sorğularında qalib elan edilməsi yolu ilə dövlət büdcəsindən ayrılmış ümumilikdə 31 min manat məbləğində pul vəsaitinin müxtəlif qanunsuz üsullarla müvafiq bank hesablarına köçürülüb nağdlaşdırmasına, iş həcmini şişirtməklə xeyli miqdar təşkil edən həmin məbləği mənimsəməsinə, eləcə də qeyd edilən qanunsuz hərəkətləri törədə bilməsi üçün müvafiq informasiya resursuna bilə-bilə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında Ceyhun Qurbanzadəyə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə vurulmuş ziyanın tam ödətdirilməsi təmin edilib və cinayət işi baxılması üçün məhkəməyə göndərilib.