Qonşusunun evini yardı, oğurladığı pulla 2 ay əyləndi - FOTO

11:18 13-02-2019 5

Qubanın Vəlvələ kəndi ərazisində yerləşən evlərin birindən bu ilin əvvəlində 18 min manat və 790 min rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan HerGun.Az-a verilən məlumata görə, pulu aparan şəxsin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib. 

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Əhmədəliyev əvvəlcədən qonşusuna məxsus evə qanunsuz daxil olaraq oradan oğurluq törətməyi planlaşdırıb.

Yanvar ayının 1-də gecə saatlarında ev sahibinin evdə olmadığından istifadə edən E.Əhmədəliyev bu planını reallaşdıraraq, evə daxil olub, ikinci mərtəbəsdə yerləşən otağın qapısını qırmaqla oradan külli miqdarda pul oğurlayıb. 

Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib. Pulun xeyli hissəsi saxlanılan zaman həmin şəxsdən maddi sübut kimi götürülüb. Bundan əlavə, onun idarə etdiyi avtomobildən oğurluq hadisəsi zamanı istifadə etdiyi bir ədəd qara rəngli maska, bir cüt əlcək, bir ədəd vint açan və kəlbətin, həmçinin, bir ədəd soyuq silah olan beşbarmaq aşkarlanaraq götürülüb. 

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar