Amsterdam və Londonda Çempionlar Liqası həyəcanı - PREVYU

13:18 13-02-2019 28

UEFA Çempionlar Liqasında bu gün 1/8 final mərhələsinin daha iki görüşü keçiriləcək.

HerGun.Az xəbər verir ki, görüşlər Hollandiyanın paytaxtı Amsterdam və İngiltərənin mərkəzi şəhəri olan Londonda baş tutacaq.

00:00 “Ayaks” (Hollandiya) – “Real” (İspaniya)

Hollandiya çempionu bu cütdə favorit göstərilmir. Bununla belə, “Ayaks” son iki mövsümün qalibinə evdə sürpriz yaşadıb, cavab görüşündə öz şansını qorumaq istəyəcək. Onlar qrup mərhələsində Almaniya nəhəngi “Bayern”lə hər iki görüşdə uduzmamaqla bunu sübut etmişdilər.

Bu görüşdə meydan sahiblərinin argentinalı müdafiəçisi Lisandro Maqalyan, qonaqlardan Markos Lyorente və Xesuz Valyexo zədəli olduğu üçün oynamayacaqlar. Həmçinin, “Ayaks”ın Burkina Fasodan olan hücumçusu Hassan Bande, Frenki de Yonq, “Real”dan isə İsko ilə Zinəddin Zidanın oğlu Luka Zidanın oynaması sual altındadır.

“Ayaks” və “Real”ın tarixi ədavəti 1995-ci ilə gedib çıxır. Tərəflər indiyədək səkkiz dəfə üz-üzə gəlib ki, bu görüşlərin hamısı indiyədək Çempionlar Liqasının qrup mərhələsində baş tutub. Bu görüş pley-off çərçivəsində baş tutacağından, bir ilk olacaq. Tərəflərin görüşündə heç vaxt heç-heçə qeydə alınmayıb.

Hollandiya klubu madridlilər üzərində cəmi iki qələbə qazanıb ki, bu da 1995-ci ildə - qüdrətli olduğu illərdə baş verib. Bundan sonrakı altı matç “Real”ın aktivindədir. Maraqlıdır ki, son beş matçda “Ayaks” “Real”a böyük hesablarla uduzub. “Ayaks”ın bu komandaya ən böyük hesablı məğlubiyyəti 2010-cu ildə Amsterdamda qeydə alınıb – 0:4.

00:00 “Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

Argentinalı Maurisyo Pokettinonun yetirmələri qrupda “İnter”i saxlamaqla bu dəfə də başından yuxarıya tullanmaq istədiklərini artıq göstərə bilib. Lakin London klubu bu matça kifayət qədər ciddi itkilərlə çıxacaq. 

Dele Ali, uelsli Ben Deyvis və hollandiyalı Vinsent Yansenin bu matçda oynamayacağı dəqiqdir. Elə İngiltərə Premyer Liqasında topuq nahiyəsindən zədə almış komandanın vuran ayağı Hari Keynin də 23 fevraldan tez sıraya qayıdacağı gözlənilmir. Xəstələnmiş Erik Dayer və zədələnmiş argentinalı Erik Lamelanın isə oynaması sual altındadır.

Qarşı tərəfdə isə Nigeriya əsilli isveçrəli Manuel Akanci və Marko Roysun oynamayacağı bəllidir. Roysun olmaması Almaniya klubu üçün əsl itkidir. Argentinalı Leonardo Balerdi və polşalı Vukaş Pişçekin isə meydana çıxması hələlik dəqiq bilinmir.

Tərəflər indiyədək rəsmi matçlarda dörd dəfə üz-üzə gəlib. İlk belə görüşlər 2016-cı ildə baş tutub. Həmin vaxt “Borussiya” 3:0 və 2:1 qalib gəlməklə mərhələ adlayıb. Ancaq bir il sonra  “Tottenhem” Dortmund klubuna Çempionlar Liqasının qrup mərhələsində 3:1 və 2:1 hesabları ilə qalib gələrək qisasını alıb. 

Səbuhi MUSAYEV

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar