Ağını çıxart

17:00 12-08-2019 8

Ramin Musayev yazır...

Hamı varlı olmaq istəyir. Bunun üçün çox yol var. Bunun ən yaxşısı böyük şirkətdə karyera qurmaqdır. Amma çox adam öz işini qurmaq arzusundadır. Lakin bu, daha çətin yoldur. Çünki hər bir işə pul yatırmaq, həm də bütün cavabdehlik və riski öz üzərinə götürmək lazımdır. Əvvəllər bu asan olsa da, getdikcə çətinləşir, rəqabət yüksəlir. Bir müddət öncə biznes yaratmağın 33 mərhələsi haqqında yazmışdım. Amma ən əsas hissəsi isə onu təmiz aparmaqdır.

Uzun illər şirkətin yaradıcısı və rəhbəri olaraq Azərbaycanda iş qurmaq və idarəçilik sahəsində 27 illik təcrübəm var. Necə deyərlər, başım daşdan-daşa dəyib. İş adamları içərisində çox sayda tanışlarım var. Biznes konsultasiya ilə məşğul olduğum üçün hər zaman iş adamları və fərdi sahibkarlarla ünsiyyətdə oluram. Bu görüşlərdə hər zaman “ağ mühasibatla işlə, vergiləri ödə” məsləhəti verirəm. Buna çox zaman “bəs onda mənə nə qalacaq?” reaksiyası ilə qarşılaşıram. Əgər sizi də bu sual narahat edirsə, davamını oxuyun, narahat etmirsə, bu səhifəni bağlayın. 

Sirr deyil ki, Azərbaycanda şəriklərin arasında baş verən konfliktlər çox böyük fəsadlara yol açır. Bu fəsadların nəticələrini hamı bilir. Ya özünüz yaşamısınız, ya da tanışlarınızın başına gəlib. Buna görə neçə dostluqlar düşmənçiliyə çevrilib. “Hə şey yaxşı olacaq! Kişi deyilik?!” sloqanı ilə və sifahi razılaşmalarla işə başlayan şəriklər bir müddətdən sonra bir-birilərinə inamı itirirlər və bu, ciddi münaqişəyə çevrilir. İş polis, prokurorluq, məhkəmə orqanlarına qədər gedib çıxır. Orada isə rəsmi sənədlərin təqdim edilməsi mümkün olmadığı üçün şahidlər cəlb edilir. “Bu, qanunla nə qədər doğrudur” sualı doğurur və heç bir iş adamını özünü böhtandan qorumağa sığorta etmir. Qalib gələn isə güclü “dayısı” olandır. Əlbəttə ki, heç bir ədalətdən söhbət gedə bilməz. Bunun səbəblərindən biri də “qara” mühasibatın aparılmasıdır.

Əvvələr buna səbəb gətirmək olardı. Amma bu ilin əvvəlindən həm vergi qanunvericiliyində, həm də vergi və gömrük orqanlarında aparılan islahatlardan sonra rahat işləmək üçün şərait yaradılıb. Çox diqqətlə son vergi qanunvericiliyində dəyişiklikləri izləyirəm, hətta Vergilər Nazirliyinin məsul şəxsi ilə bu mövzuda müsahibə də etmişdim. Fərdi sahibkalar üçün daha geniş imkanlar yaradılıb. Hüquqi şəxslərin fəaliyyətində elə də böyük dəyişikliklər olmasa da, yenə də qanuni mühasibatın və biznesin aparılması bir çox problemlərdən azad edir. 

İlk növbədə, mühasibatı nəzarət altına almaq, peşəkar mühasib cəlb etmək lazımdır. “Yaxşı oğlan” prinsipi ilə deyil, işi bilən şəxs cəlb olunmalıdır. Əgər bu, mümkün deyilsə, onda mühasibat üzrə konsaltinq şirkətlərinə müraciət etmək lazımdır. Şirkətdə 300-400 manatlıq mühasib işləməli deyil, çünki bu sahə biznesin ən başlıca, həm də zəif yeri ola bilər. Mütləq mühasibat uçotu üçün proqram təminatı əldə etmək lazımdır. 

İnanmaya bilərsiniz, amma “ağ” mühasibat apararaq daha çox pul qazanmaq olar. Bunun üçün bütün xərcləri rəsmiləşdirmək lazımdır. Xərcləri rəsmiləşdirərək, qanuni yollarla vergiləri azaldaraq mənfəəti yüksəltmək olar. ƏDV-ni isə əvəzləşdirərək endirmək olar. Artıq personala da “konvert”də maaş verməyə ehtiyac yoxdur. Bu ildən 8 min manata kimi maaşlardan vergi tutulmur, bu da onları rəsmi ödəyərək xərclərə salmağa və vergiləri azaltmağa imkan verir. İcarə ödənişləri də eyni qaydada. Təsəvvür edin ki, 14% icarə vergisini qənaət etdiyinizi düşünərək xərcləri azaldırsınız, bununla da vergiyə cəlb olunan gəliri yüksəldərək elə həmin pulu və ya daha çox ödəyirsiniz.

Bunları hər bir mühasib bilməlidir və öz rəhbərinə məsləhətçi olmalıdır. Əgər mühasib rəhbəri inandıraraq bunları etmirsə, onu qovub yenisini axtarın. Deməli, işə canı yanmır. Bunun üçün qanunvericiliyi bilən mühasib, yaxud auditor şirkəti cəlb etmək lazımdır, yaxud hər ikisini. Auditorlar mühasibin işini düzğün aparmasını nəzarətdə saxlayacaqlar. Deyə bilərsiniz ki, bu çox baha başa gələr. Amma düşünün ki, səhv olarsa, onda nə qədər itkilər, cərimə və problemlər ola bilər.

Mənim təhsilim iqtisad, maliyyə və mühasibat uçotu olduğu üçün bu sahəni yaxşı bilirəm. Karyerama mühasib olaraq başlamışam, sonradan bank sahəsində top-menecer olmuşam və daha sonra özəl şirkətimi qurmuşam. Hələ 90-ci illərdə həm mühasib, həm də auditorların xidmətindən istifadə etmişəm. Məhz təhsil və iş təcrübəm mühasibin səhvlərini aşkar etməyə yol verib. Hətta bir dəfə rüblük hesabatlara imza atmamışdan öncə nəzərdən keçirərkən 8 min manat artıq vergi ödənişini aşkar edərək səhvi tapmışdım. Yenidən hesablamadan sonra mühasib bu səhvi düzəldib. Bunu görməyimin səbəblərindən biri də şirkətimdə professional ERP-in (mühasibat, anbar, satışın uçotu üçün proqram təminatı) olmasıdır. Bu proqram təminatı şirkətimə 30 min avroya başa gəlmişdi. Bu proqram təminatı sayəsində anbarlarda olan qalıq, alış, satış, maliyyə analizini apara bilirdim. Heç bir şey gözdən yayınmırdı, hər bir proses avtomatlaşdırılmışdı. Məlumatlara isə dünyanın istənilən nöqtəsindən internet vasitəsilə nəzarət edə bilirdim.

Bunları deməkdə məqsədim nədir? İşi qurmaq, ona investisiya yatırmaq azdır, uğurlu biznes yaratmaq üçün hər bir prosesi düzgün qurmaq lazımdır. Bunun üçün isə mütəxəssisləri cəlb edərək yetərli maaş vermək lazımdır. Bəli bu, ucuz deyil, bəs sizin əsəbləriniz, pulunuz və riskiniz buna dəyərmi? Başlanğıcda qənaət etdiyiniz pul sonradan dəfələrlə yüksək xərclərə düşməyinizə səbəb ola bilər.