Ekspert: Ermənistandakı ideoloji və mənəvi boşluq orduya da sirayət edib

11:00 13-08-2019 559

Ermənistan ordusunda baş verən hadisələrin, yəni fərariliyin, “dedovşina”nın, nizamnamədən kənar hərəkətlərin, intihar hadisələrinin, hərbçilərin bir-birini qətlə yetirməsinin, zabitlərin əsgərlər üzərindəki təzyiq və təhdid üzərində qurulmuş sisteminin əsas səbəbi Ermənistan cəmiyyətindəki proseslərdir.

Bu fikirləri HerGun.Az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, Ermənistan ordusu Ermənistan cəmiyyətinin güzgüsüdür, görünən tərəfidir:

“Demək olar ki, hər gün Ermənistan ordusunun hərbi hissələrində bu və ya digər formada baş vermiş cinayət hadisələrinin, intiharların, nizamnamədən kənar hərəkətlərin, qətllərin, fərariliklərlə bağlı informasiyaların şahidi oluruq.

Ötən gün Ermənistan ordusunun əsgərinin ağ bayraq qaldıraraq Azərbaycan əsgərlərinə təslim olması onun xidmət etdiyi hərbi hissədəki vəziyyətlə bağlıdır. Görün, vəziyyət nə qədər acınacaqlıdır ki, erməni əsgəri öz ordusunu, silahdaşlarını, millətini qoyaraq düşmən hesab etdiyi tərəfə keçir.

Ermənistan tərəfinin buna hansı formada don geyindirməsindən asılı olmayaraq, reallıq budur ki, Ermənistanda ciddi ideoloji və mənəvi boşluq yaranıb və bu boşluq da orduya sirayət edib. Ordu bu dəqiqə öz problemlərini həll edə bilmir”.

Hərbi ekspertin fikrincə, Ermənistan ordusunun idarə edilməsi üçün özünəməxsus nizamnaməsi olmasına baxmayaraq, bu kimi halların səbəbi araşdırılarkən elementar formada analiz etdikdə görərik ki, orduya rəhbərlik edən yüksək rütbəli zabit heyəti və aşağı zabit heyəti arasındakı fərq çox böyükdür:

“Yəni Ermənistan ordusunun generaliteti orduda birbaşa şəxsi heyətlə təmasda olan zabit heyəti arasında çox böyük uçurum var. Bu uçurumun səbəbidir ki, həmin zabitlər əsgərlərlə çox amansız davranırlar, onların problemləri ilə məşğul olmaq əvəzinə, onları təzyiqə məruz qoymaqla və təhdid etməklə öz məqsədlərinə çatmaq istəyirlər.

Hesab edirəm ki, bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda, onun hakimiyyətində və cəmiyyətində bu problemlərin həlli üçün hər hansı bir addımın atılması artıq gecdir. Çünki gərginlik getdikcə artır, artıq ordunun daxilində baş verən proseslər də məhz bu gərginliyin daha da artmasına səbəb olur”.

Qeyd edək ki, avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb.

İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.

Hazırda A.X.Kazaryana tibbi yardım göstərilir. Hadisənin araşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Samir İsayev