Yeni Zelandiyadakı terror aktında ölənlər arasında azərbaycanlılar var?

10:54 15-03-2019 20

Yeni Zelandiyada məscidlərin atəşə tutulması nəticəsində ölənlər və yaralılar arasında Azərbaycanlıların olması ilə bağlı məlumat daxil olmayıb. 

Bu barədə HerGun.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, ölkəmizin Avstraliyadakı Səfirliyi (Səfirlik eyni zamanda Yeni Zelandiyada akkreditasiya olunub) bu məsələ ilə bağlı Yeni Zelandiyanın müvafiq qurumları və bu ölkədəki diaspora nümayəndələrimiz ilə davamlı təmasdadır.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məscidə və şəhər xəstəxanasına silahlı hücum nəticəsində 40 nəfər ölüb.

Hücumlardan birini avstraliyalı ultra-sağçı, irqçi fəalın həyata keçirdiyi artıq müəyyən edilib. 

Məlumata görə, terrorçu hücumdan əvvəl 37 səhifəlik manifest yazıb və müsəlmanlara qarşı terror aktı həyata keçirmək niyyətini açıqlayıb. Silahlı hücumu isə sonradan videoya çəkib.

Terror aktı ilə əlaqədar artıq dörd nəfərin saxlanıldığı bildirilir.