Avstraliyalı veteranlar əfqanlara görə medallarını yandırıblar - VİDEO

05:20 21-07-2021 408

Avstraliyalı veteranlar hökuməti əcnəbi hərbçilərlə işləyən, hazırda isə “Taliban” üzvlərinin qisası təhlükəsi ilə üz-üzə qalan yüzlərlə əfqana sığınacaq vermək üçün kifayət qədər səy göstərməməkdə ittiham edərək öz hərbi mükafatlarını, medallarını yandırıblar.

Bu barədə “ABC News” telekanalı xəbər verib.

Məlumata görə, bir qrup hərbi qulluqçu vaxtilə koalisiya qüvvələri ilə birlikdə xidmət edən əfqanların təhlükəsizliyi ilə bağlı artan narahatlıqlarla əlaqədar federal siyasətçilərin ofisləri qarşısında simvolik aksiya keçiriblər.

Onlar hökumətin yüzlərlə əfqan tərcüməçinin, digər sadiq müttəfiqlərinin və ailələrinin “Taliban”ın öhdəsinə tərk etməsi barədə qərarının bu medalları rüsvayçılıq nişanına çevirdiyini bildiriblər.

Bundan əvvəl “Taliban”ın sözçüsü Suheil Şahin Moskvada keçirdiyi mətbuat konfransında “Taliban”ın ABŞ-da işləyən əfqan tərcüməçilərini təqib etməyəcəyini söyləmişdi.

Qeyd edək ki, ABŞ və Kanada da daxil olmaqla artıq bir sıra ölkələr onların silahlı qüvvələrinə dəstək verən əfqan tərcüməçilərin və onların ailə üzvlərinin təxliyyəsinə başlamaq planlarını elan ediblər.