Professor: Ankara hər zaman Qarabağ məsələsində Azərbaycana tam dəstək verəcək - MÜSAHİBƏ

09:00 15-08-2019 579

Asiya - Sakit Okean Araşdırmalar Mərkəzinin direktoru, professor Selçuk Çolakoğlunun HerGun.Az-a müsahibəsi:  

– Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə Türkiyə vətəndaşları üçün viza aradan qaldırıldı. Viza rejiminin ləğvindən sonra iki dövlət arasında əlaqələr hansı səviyyəyə gəlib çıxacaq?

– Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi çoxdan gözlənilən addım idi. Bilirsiniz ki, 2019-cu il sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana vizasız səyahət edə biləcəklər. Bu isə iki xalq arasında ictimai təmasları daha da dərinləşdirəcək.

Türkiyə onsuz da uzun zamandır ki, Azərbaycan vətəndaşlarından viza tələb etmirdi. Bundan sonrakı addım isə hər iki ölkənin vətəndaşlarının pasport olmadan şəxsiyyət vəsiqələri ilə bir-birilərini ziyarət etməsi olmalıdır.

Türkiyə və Gürcüstan vətəndaşları şəxsiyyət vəsiqələri ilə qarşılıqlı ziyarət tətbiqini illərdir ki, həyata keçirirlər. Bu isə Türkiyə ilə Gürcüstan arasında əlaqələrin inkişafına çox müsbət təsir göstərdi. Türkiyə bu proseduru son bir neçə il ərzində Ukrayna və Moldova ilə də başladıb.

– Azərbaycan və Türkiyə silahlı qüvvələri bu ilin iyun ayında Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” adlı birgə taktiki təlim keçirdilər. Bu ortaq təlim region və dünya üçün hansı mesajlar verdi?

– Bu təlimlər iki dövlətin ordusu arasındakı koordinasiyanın və ortaq əməliyyatların keçirilməsi bacarıqlarının təkmilləşdirilməsi məqsədilə təşkil edilmişdi. Bu mənada, birgə hərbi təlim Azərbaycanla Türkiyə arasında strateji ortaqlığın güclü şəkildə davam etdiyini dünyaya mesaj verdi.

– Bəs sizcə, iki dövlət arasında hərbi ittifaqın yaradılması zərurəti bundan sonra daha da aktuallaşırmı?

– Hər iki ölkə 1991-ci ildən bəri bir çox hərbi əməkdaşlıqlara imza atıb. Bu əməkdaşlıq hələ hərbi ittifaq səviyyəsinə qalxmasa da, olduqca inkişaf etmiş vəziyyətdədir. Ankara NATO üzvü kimi hərbi ittifaq yaradılaraq Bakı ilə əməkdaşlığın daha da dərinləşdirilməsini arzulayır.

Azərbaycan indiyə qədər NATO-nun müxtəlif proqramları çərçivəsində Kosova və Əfqanıstanda sülhməramlı missiyalar həyata keçirib. Bu mənada, Türkiyə Azərbaycanın da NATO-ya üzv olmasını istəyir.

– Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda nümayiş etdirdiyi qeyri-konstruktivlik və işğalçılıq siyasəti Türkiyəni də narahat edir. Sualımızı belə qoyaq: Türkiyənin bundan sonrakı addımları necə olacaq?

– Türkiyə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunmasına çox önəm verir. Rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyir. Türkiyə lap əvvəldən Qarabağın işğalına qarşı çıxaraq, Azərbaycana tam şəkildə dəstək verib. Türkiyə Qarabağın işğalına reaksiya olaraq Ermənistanla sərhədlərini illərdir ki bağlayıb. Ankara bundan sonra da Qarabağ məsələsində Azərbaycana tam dəstək verməyə davam edəcək.

– Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemlərini alması ABŞ-ı çox narahat edir. Türkiyə ilə Vaşinqton arasındakı diplomatik gərginlik nə vaxta qədər davam edəcək?

– Rusiyadan “S-400” alınması Türkiyənin həm NATO, həm də ABŞ-la əlaqələrində bəzi problemlərə yol açdı. AKP hökuməti “S-400” alsa da, Vaşinqton və NATO ilə münasibətlərdəki gərginliyi azaltdı.

Bununla yanaşı, Türkiyə və ABŞ Suriya böhranının həlli ilə bağlı əməkdaşlığı davam etdirirlər. Türkiyə NATO-nun önəmli layihə və təlimlərində də iştirakını davam etdirir. Orta və yaxın perspektivdə Ankara-Vaşinqton əlaqələrinin daha da dərinləşməsi ilə Türkiyənin NATO-dakı iştirakının müsbət şəkildə davam etməsi gözlənilir.

Aqşin Kərimov