Gürcüstan dağlarında itkin düşən üç belaruslu qadından yalnız biri sağ tapıldı

04:00 16-08-2019 740

Xilasedicilər Svanetiyada itkin düşmüş qadın turistlərin birini sağ tapıb, digər ikisi ölüb.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi isə qurumun xilasedicilərinin itkin düşən turistləri Tetnuldi zirvəsində tapdığı barədə məlumat yayıb. Turistlərdən ikisi ölüb, biri isə yaralıdır. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilib.

Tut.by” xəbər verir ki, Elena adlı qadın hazırda Mestia yaşayış məntəqəsinin xəstəxanasındadır.

Xilasedicilər onun sağ qalmasını təcrübə ilə izah edirlər. Qadın əri ilə birlikdə 40 ilə yaxındır ki dağ turizmi ilə məşğuldur.

Qadının danışdığından bəlli olub ki, o digər iki turistlə bir qrupda bir-birilərinə iplə bağlanmış vəziyyətdə hərəkət ediblər. Zirvədən düşən yolda dar yedə qadınların birinin ayağı sürüşüb və onlar birlikdə aşağı yuvarlanıblar.

Səhər isə xilasedicilər dağ arası yarıqdan fənər işığı görüblər. Qadını tapan xilasedicilər onda heç bir sınığın olmadığını bildiriblər.

Xatırladaq ki, Belarusun Brest şəhərindən Gürcüstanın Tetnuldi dağına bir qrup turist yollanıb. Onlar zirvəyə qalxıblar, oradan düşəndə isə faciə baş verib.