Sumaxdan pul çıxaran qadınlar - REPORTAJ

12:54 16-08-2019 492

Sumax sevənlərin əksəriyyəti onun necə hazırlanmasından xəbərsizdir.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, meyvə, əsasən, avqust və sentyabr aylarında toplanır. 

Hündürlüyü üç metrə çatan sumax kollarına daha çox dağlıq ərazilərdə rast gəlmək mümkündür. 

Quba rayonunun Kələnov kəndinin sakinləri də uzun illərdir yabanı halda yayılan bitkinin meyvəsini toplayaraq gəlir əldə edirlər. Evdar qadınların əsas gəlir mənbəyi bu bitkinin emalıdır. 

Yazlıq və payızlıq növü olan sumaxın xüsusi yığılma və emal qaydaları var. 

Kənd sakinləri bildirir ki, bir insan gün ərzində 20 kiloqramadək sumax yığa bilər. Bundan da cəmi 3-4 kiloqram təmiz ədviyyat alınır. 

Sumax həm də bir çox xəstəliklərin dərmanı hesab edilir. Xüsusən, şəkər xəstəliyindən əziyyət çəkənlər yeməklərində bu ədviyyatdan istifadə edirlər. 

Böyük zəhmətlə ərsəyə gələn sumaxın bir kiloqramı 15 manata, stəkanı isə iki manata satılır. Bu ədviyyatın 250-yə yaxın növü bilinir. 

Yabanı bitkiyə Azərbaycanda Quba ilə yanaşı, Lənkəran, Göyçay, Şəki və Zaqatala rayonlarının dağ meşələrində də rast gəlinir. 

Tehran Orucoğlu