Yunan-Roma güləşçilərimiz Avropa üçüncüsü olub

09:09 15-04-2019 7

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə sayca 70-ci Avropa çempionatı başa çatıb.

HerGun.Az-ın xəbərinə görə, yunan-Roma güləş millimiz son gündə medal qazana bilməyib.

Yalnız Orxan Nuriyev (-97 kq) medal qazanmağa yaxın olsa da, o da “bürünc” üçün görüşdə finlandiyalı Elias Kuosmanenə 2:3 hesabı ilə uduzub.

Bununla belə, topladığı xallar Azərbaycanın yunan-Roma güləşi üzrə millisinə bürünc kubok qazandırıb. Belə ki, bir gün əvvəl bir gümüş və iki bürünc medal qazanmış millimiz topladığı 76 xalla bu nailiyyətə imza atıb.

Qızıl kuboku beş qızıl, bir gümüş və üç bürünc medal qazanmış Rusiya millisi qazanıb. Son gündə bir qızıl, bir gümüş və iki bürünc medal qazanan Türkiyə ikinci yerə çıxıb. Rusiya və Türkiyə millisi müvafiq olaraq 192 və 132 xal toplayıb.

Xatırladaq ki, daha əvvəl sərbəst güləş millimiz Avropanın üçüncüsü olmuşdu. Qadın millimiz isə dördüncülüklə kifayətlənmişdi.

Səbuhi MUSAYEV