ÜST-dən Əfqanıstandakı vəziyyətlə bağlı BƏYANAT

17:20 24-08-2021 313

Əfqanıstanın tibb müəssisələrində dərman ehtiyatı tükənir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Əfqanıstandakı nümayəndəsi Əhməd Əl-Mandhari bildirib.

Onun bəyanatı təşkilatın saytında dərc olunub.

Həmçinin, ölkədə daxili miqrasiyanın artması, Kabul hava limanının ətrafında və daxilində iğtişaşlar səbəbiylə əfqanıstanlılar arasında COVID-19-un yayılma riski artır. Əgər Əfqanıstanı yeni koronavirus dalğası bürüyərsə, ÜST-ün ehtiyatında olan dərmanlar maksimum bir həftə kifayət edəcək.

Əl-Mandhari onu da bildirb ki, “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ilk günlərdə bir çox xəstəxana ehtiyacı olanlara tibbi xidməti müvəqqəti olaraq dayandırıb.

İndi tibb müəssisələrinin işi bərpa edilib, taliblər tibb işçilərinin vəzifələrinə qayıtmasına icazə verib. Bir çox qadın işə davam edir, lakin bəziləri evlərini tərk etməkdən qorxur.

İndi BMT Əfqanıstana yardım etmək üçün humanitar missiyasının işini bərpa etməyə davam edir. Bunun üçün təşkilatın nümayəndələri “Taliban” liderləri ilə əlaqə yaradırlar. Lakin onların çoxu hazırda Əfqanıstanın xaricindədir və bu da danışıqlar prosesini çətinləşdirir.