Bir ay ərzində 28 kiloqram narkotik maddənin ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO

17:20 30-09-2021 381

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitə­lərin, psixotrop maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir.

Bu barədə DSX-in Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd olunub.

Sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çəkisi 28 kiloqram 240 qram narkotik vasitəyə, 1 620 ədəd psixotrop və güclü təsiredici dərman preparatlarına bənzər maddələrin, eləcə də silah-sursatın döv­lət sərhədindən qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi üzrə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 6 sentyabr tarixində Biləsuvar şəhəri, 15 sentyabr tarixində Cəbrayıl rayonunun Əmirvarlı və Cəlilabad rayonunun Kövüzbulaq kəndləri istiqamətində dövlət sərhədinin yaxınlığında ümumi çəkisi 18 kiloqram 140 qram narkotik vasitəyə bənzər maddələr (15 kiloqram 515 qram “heroin”, 375 qram “marixuana”, 310 qram “metamfetamin” və 2 300 qram növü bilinməyən dərman) aşkarlanaraq götürülmüşdür.

Sentyabr ayının 30-da saat 03:40 radələrində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əlində bağlama ilə hərəkət edən bir nəfər şübhəli şəxs saxlanılıb.

Araşdırma zamanı qeyd olunan şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Ağayev Asif Ağacəfər oğlu olması müəyyən­ləşdirilib, onun əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 10 kiloqram 100 qram narkotik vasitəyə bənzər maddələr (9 kiloqram 100 qram “heroin”, 300 qram “metamfetamin”, 700 qram “marixuana” və 1 620 ədəd güclü təsirli dərman preparatları), bir ədəd 9 mm kalibrli “AKREP 2004 magnum” markalı tapança, bir ədəd güllə darağı və iki ədəd güllə aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.