Parlamentin iclası: Dərman “davası”, 12 deputatın “aradan çıxması” – REPORTAJ

12:40 01-10-2021 292

Azərbaycanın ali qanunverici orqanı olan Milli Məclisin 2021-ci il üçün payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçirildi. İclasın gedişatı ilə bağlı sətirlərə başlamazdan öncə deputatlara payız sessiyasında aktiv iş, effektiv nəticə verən fəaliyyət həyata keçirməyi arzulayıram.

Keçək parlamentin iclasına. Spiker Sahibə Qafarovanın Milli Məclisin parlament diplomatiyasının istiqamətlərini genişləndirmək üçün edilən səfərlər haqqında hesabat xarakterli çıxışına toxunmayacağam. Çünki bunların hamısı mətbuatda işıqlandırılıb.

Milli Məclisin geniş iclas salonu bir dəqiqəlik sükuta qərq olur, şəhidlərimizin xatirəsi anılır. Daha sonra müzakirələr başlayır, deputatlar problemlərin həlli üçün öz reseptlərini təqdim edirlər.

Sənədlərdə də “gorbagor” olmalıdır

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc XANKƏNDİdə yaşayan ermənilərin gələcək taleyi ilə onların Azərbaycan yurisdiksiyası altına keçməsi arasında əlaqə qurur. Yəni Zahid müəllim aşkar bildirir ki, rahat, xoşbəxt yaşamaq istəyirsinizsə, Azərbaycan vətəndaşlığını qəbul edin, Azərbaycan qanunlarına hörmət edin.

Zahid Oruc daha sonra hansısa rəsmi sənədlərdə və ya qanunlarda Dağlıq Qarabağ adının keçməsindən narahatlığını ifadə edir, bununla bağlı dəyişikliklərin zəruri olduğunu bildirir. Zahid müəllim, nə deyim, açığı bu təklifi birinci dəfədir eşidirəm, nədənsə çoxunun gözündən qaçan məqam sizin nəzərinizdən yayınmayıb. Bəli, Dağlıq Qarabağ və status gorbagor olubsa, bu, sənədlərdə də öz əksini tapmalıdır, ona görə fikrinizə irad bildirmək niyyətindən uzağam.

İranın casus şəbəkəsi

Son zamanlar gərginləşən Azərbaycan-İran münasibətləri, Azərbaycanda İranın maraqlarından çıxış edən şəxslərlə bağlı məsələ parlamentin iclas zalında səsləndirilir, həmişə bu mövzuda xüsusi həssaslıq nümayiş etdirən deputat Fazil Mustafa narahatlığını ifadə edir.

İranın casus şəbəkəsinin aktivləşməsinin bir səbəbini də təhsildəki problemlər, bəzi məmurların yatırmaz fəaliyyəti ilə əlaqələndirir. Fazil müəllim, bilirsiniz, işim sizin təbliğatınızı aparmaq deyil, amma bu mövzuda fikirlərinizi inkişaf etdirmək lazımdır.

Dərman “davası”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həkim ixtisasının ona verdiyi bilgilərdən istifadə edərək dərmanların keyfiyyəti və çatışmazlığı ilə bağlı məsələni gündəmə daşıyır.

Musa müəllim ölkədə bəzi sahələrdə dərman qıtlığının olduğunu deyir, bunu Azərbaycanda məşhur dərman firmalarının fəaliyyətini dayandırması ilə əlaqələndirir.

Musa Quliyev sosial və səhiyyə sahələrinə bələd biridir, onun həll təklifinin kökündə isə bu dayanır ki, Azərbaycan Türkiyədə dərman bazarında öz möhürünü vurmuş dərmanların ölkəyə gətirilməsi üçün prosedurlar sadələşdirilsin, daha doğrusu onların maneəsiz keçidi təmin edilsin.

Bu təklif Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova “toxunur”, Əhliman müəllim, qeydiyyatsız, yoxlama olmadan dərmanların ölkəyə gətirilməsini təhlükəli olduğunu bəyan edir. Musa müəllim, açıq deyək, Əhliman müəllimin arqumenti mənə kənardan bir izləyici kimi daha inandırıcı gəlir, amma sizin də narahatlığınız anlaşılandır. Bəlkə də debat olsaydı, siz daha tutarlı arqumentlər səslələndirə bilərdiniz, amma təəssüflər olsun ki, belə mövzularda debatlar təşkil edilmir.

Deputatlar “aradan çıxır”

Müzakirələrin getdiyi bir zamanda spiker Sahibə Qafarova təmkinlə, emosiyalara qapılmadan irad səsləndirir: İradında haqlıdır, çünki məlum olur ki, iclas zalını 12 deputat tərk edib.

Hörmətli “aradan çıxan” deputatlar, insanlıq halıdır, vacib bir ehtiyac olanda tərk etmək zərurəti yaranır, amma nə oldu, eyni anda 12 nəfərdəmi belə zərurət yarandı? Açığı bundan əvvəlki spiker Oqtay Əsədov da dəfələrlə deputatları xəbərdar edirdi, gah telefona görə, gah da iclas gedən zaman söhbət etdiklərinə görə, gah da iclas zalını arxasına baxmadan tərk etdiklərinə görə. Ay ərzində uzağı 4 iclas olur, yəni bu iclasda əyləşmək o qədərmi çətindir? Axı parlament cəmiyyətin, qanunvericiliyin inkişafı, dövlət-cəmiyyət münasibətlərinin formalaşmasında əsas subyektdir... Nəysə...

Əli Məsimli “köhnə söhbəti” qurdalayır

Deputat Əli Məsimli söz alır, spiker xanım Əli müəllimin adını çəkən kimi dərhal klaviaturanın düymələrini Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı çıxışa kökləyirəm, elə yanılmamışam da. Əli müəllim Rəqabət Məcəlləsinin qəbul edilməməsinin ölkədə qeyri-neft sektorunun inkişafında maneə olduğunu deyir.

Əli müəllim, neçənci dəfədir, neçə ildir deyirsiniz və ya biz neçənci dəfədir yazırıq? Nə siz deməkdən yoruldunuz, nə də biz yazmaqdan yorulduq. Düz də edib yorulmuruq, çünki bu sənədin qəbulu müasir iqtisadi sistemdə, rəqabət mühitinin inkişafı üçün mütləq zərurətə çevrilir.

Amma nə edək, düz 14 ildir ki, bu sənədin qəbulu baş tutmayıb, sənədin “gözü yol çəkir”, elə sizin də.

Əli müəllim, səbəbləri bilməmiş olmazsınız, bu sənəd niyə qəbul edilmir? Yaxşı olardı ki, bunun səbəblərini də ictimailəşdirəsiniz.

Aydın Mirzəzadənin təklifləri

Aydın Mirzəzadə söz alır: üç təklif səsləndirir:

Birincisi, 7 iyul Azərbaycanda “Zəngəzur günü” kimi qeyd edilsin,

İkincisi, Vətən müharibəsində şəhid olan tələbələrin ali təhsil haqqında diplomu onların ailələrinə təqdim edilsin. Düzü, Aydn müəllim qanunvericilikdəki müddəaların belə bir hala icazə vermədiyini də xatırladır, amma ardınca Təhsil Nazirliyi və universitet rektorlarına müraciət edir ki, məsələnin həlli üçün bir qərar verilsin.

Üçüncüsü, cənab Mirzəzadə deyir ki, şəhid ailələrinin mənzil növbəsinə dayanması üçün hüquqi əsasların dairəsində yumşalmalara gedilsin.

“Qanunda qeyd edilib ki, mənzildə adambaşına 6 kvadratmetr düşəndə, belə ailələr mənzil növbəsinə dayana bilərlər. Bəzi şəhid ailələrində bu rəqəm 7-8 kvadratmetrdir. Bir-iki kvadratmetrə görə bunu etmək düzgün deyil. Heç olmasa, bu rəqəm adambaşına 10 kvadrat metrə çatdırılmalıdır”,-deyə A.Mirzəzadə əlavə edir.

Ziyafət müəllim, nə demək istəyirsiniz?

Həmişə danışanda emosiyalarını biruzə verən Ziyafət Əsgərov çıxış edir. Ziyafət müəllim “Siyasi partiyalar haqqında” qanunun köhnəldiyini deyir, dəyişikliklərin vaxtının yetişdiyini dilə gətirir. Ziyafət müəllimin çıxışından belə anladım ki, onun dəyişikliklə bağlı düsturunun kökündə partiyalarla hakimiyyətin əlaqələrinin çərçivəsini müəyyənləşdirmək dayanır. Düzü, Ziyafət müəllim, nə demək istədiyinizi tam anlamadım, mənə xoş olardı ki, növbəti iclaslarda təklifinizin nüvəsinə dair çıxışınızı dinləyim.

Ziyafət müəllim, bir məsələ də qaldırır, deyir ki, Azərbaycanda siyasi vəzifə anlayışı olsa da, konkret olaraq hansı vəzifələrin siyasi olduğuna dair qəti fikir söyləmək çətindir...

Parlamentin iclasının gedişatını bütünlüklə işıqlandırsaq, bu artıq stenoqram xarakterli olardı, çalışırıq ki, daha çox diqqətçəkən məqamları işıqlandıraq.

Parlamentin iclasında Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Bəyanat da qəbul edildi...

Aqşin Kərimov