Bədii gimnastika komandamız finala vəsiqə qazanıb

18:36 17-05-2019 7

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatına start verilib.

HerGun.Az xəbər verir ki, iştirakçı ölkələrin bayraqlarının təqdimatı ilə başlayan açılış mərasimində Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov açılış sözü ilə çıxış edərək, bütün qonaqları salamlayıb. 

Yarışda mübarizə aparacaq bütün gimnastlara uğurlar arzulayan F.Qayıbov çempionatı açıq elan edib və ardınca sevilən müğənnimiz Sevda Ələkbərzadə dövlət himnimizi səsləndirib.

Daha sonra isə mərasimin bədii hissəsinə keçid alınıb. Hər zaman fərqli ssenarilərlə tamaşaçılara möhtəşəm şou təqdim edən Təşkilat Komitəsi bu dəfə Su və Alov adamlarının mübarizəsində Avropa çempionatının səkkiz dəst medalını əks etdirib. Ssenariyə əsasən Su və Alov qardaşları bir oyun oynayır. Bu oyun zamanı Su adam qardaşına qalib gələrək, səkkiz medal qazanır. Qəzəblənən Alov adam isə qardaşını insanların dünyasına qovur.

İnsanların dünyasında Su adam super qəhrəmanların komandası ilə tanış olur. Bu qəhrəmanlar ona öz dünyasına qayıtmağa və qardaşının ordusuna qalib gəlməyə kömək edirlər.

Bu yaxşılığın qarşılığında Su adam qazandığı medalları intiqam almaqda ona kömək edən bütün döyüşçülərə paylayır, sonuncu medalı isə sülh və dostluq əlaməti olaraq, öz qardaşına – Alov adama verir.

Bununla da dinamik musiqilər, əsrarəngiz işıq effektlərinin müşayiəti ilə bədii hissəyə yekun vurulur. Açılış mərasiminin ssenari müəllifi bədii gimnastika üzrə milli komandanın baş məşqçisi Mariana Vasileva olub. Bolqarıstanlı məşqçinin başçılığı ilə şounun qəhrəmanlarını yüksək peşəkarlıqla xoreoqraflar Kamil Quliyev, Ruslan Eyvazov, Orxan Muradov, Akif Kərimli, Sənan Mahmudlu, Ayxan  Əhmədli, Nərgiz Məmmədova, İldırım Məmmədov, həmçinin bədii gimnastika, idman gimnastikası, akrobatika və aerobika gimnastikası üzrə yığma komandalarımızın gimnastları canlandırıb.

Daha sonra meydança yeniyetmələrdən ibarət qrup komandalarına təhvil verilib. Ən yüksək xal almaq uğrunda bir-biriləri ilə yarışan 20 komanda xalça üzərində beş halqa ilə öz kompzosiyalarını təqdim edib.

Ölkəmizi qrup yarışlarında təmsil edən Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadə beş halqa ilə çıxışlarına görə 21.650 xal alaraq, çempionatın ilk günü finala vəsiqəni təmin edib. Gimnastlarımızın növbəti təsnifat çıxışları sabah beş lent ilə olacaq.

Bu gün həmçinin çempionatda mübarizəyə fərdi proqramda çıxış edən böyük gimnastlar qoşulub. Ölkəmizi bu proqramda Zöhrə Ağamirova və Vernika Qudis təmsil edib. Bunlardan Zöhrə Ağamirova finala vəsiqə qazanıb. O, halqa ilə çıxışda səkkizinci olub.