Ekspert: Ərdoğanla Rusiya barışmaq istəyir və Qərb mübahisə etməyi arzulamır

17:36 09-09-2019 1058

HerGun.Az İsrail politoloqu Yuri Boçarovla müsahibəni təqdim edir: 

- Vladimir Putinin fikrincə, Türkiyə bu gün daxili və beynəlxalq münasibətlərə olan təsir gücü ilə G-7-yə üzv olacaq ölkədir. Rusiya Prezidenti bunu Şərq İqtisadi Forumunda G-7 və ya G-8 formatının genişləndirilməsinin mümkünlüyünə münasibət bildirərkən deyib. Putinin təklifinin gerçəkləşməsi nə dərəcədə mümkündür?

- G-7 İngiltərə, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanı birləşdirən beynəlxalq bir klubdur. Bu klub "Yeddilik Qrupu"nun maraqlarını düşünür. 

Yeddiliyin qərarlarının icrası həyati əhəmiyyət daşımasa da, qrup üzvləri ona əməl etməyə çalışır. G-7 rəsmi status vermə haqqına sahib deyil, amma bura yalnız qrup üzvlərinin hər birinin dəvətini alaraq daxil olmaq olar.

Moskva əsrin təxminən bir rübü bu quruluşda olsa da, 2014-cü ildə Krımın Rusiyaya ilhaqından sonra qərb ölkələri G-8-in işində iştirak etməkdən imtina edib və formatı G-7 olaraq davam etdirib. Ona görə də Rusiya əvvəl özü bu kluba daxil olmalı, daha sonra başqaları haqda şərh verməlidir. Onu da qeyd edək ki, Tramp Rusiyanı G-8-də görməyin uyğun olduğunu bildirir. 

- Bu yaxınlarda Türkiyə Avropa Birliyinə (AB) daxil olmaq üçün yenidən müraciət etsə də, rəsmi Brüssel Ankaranı AB-yə qəbul etməkdən imtina etdi. Bu isə reallıqdır ki, öz siyasətində müəyyən dəyişikliklər edən Türkiyə bu gün Avropanı miqrasiya axınlarınadan qoruyan başlıca vasitə rolunu oynayır. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Ankara suriyalı qaçqınların yerləşdirilməsi probleminin həllində beynəlxalq dəstək almasa, Avropaya keçidi açacaq. Avropa ölkələri Türkiyə liderinin müraciətinə qulaq asmasa, onları nə gözləyir?

- Bir neçə il əvvəl Avropa, xüsusən Almaniya pulsuz (daha doğrusu, az maaşlı) işçi qüvvəsi aspektindən qaçqınlarla maraqlanırdı. Onlar əmin idilər ki, evsizlik və kasıblıq səbəbindən qaçqınlar bütün əziyyətli və az məvacibli işlərdə çalışacaqlar. Lakin əksi oldu. 

Bu gün bir sıra Avropa ölkələrində, Fransa, Almaniya, qismən də, İngiltərədə Afrika və Orta Şərqdən gələn çox sayda qanunsuz mühacirlərin çoxluğundan xaos yaşanır. Qaçqınlar sırf qaçqın olduqları üçün ölkə qanunlarının onlara qarşı yumşaldılmasını və pulsuz yardım istəklərini tələb edir. Nəticədə, ağır işlərdən uzaq dururlar. Bu isə, təbii ki, yüz minlərlə qaçqını olan Avropada vəziyyəti ağırlaşdırır.  

Bu, o deməkdir ki, Türkiyənin əlində xüsusi güc var. Burada sual bu gücün nə dərəcədə təsirli olacağı və onların başqa hansı tələblər qoyacağıdır. Ümumilikdə isə sözügedən məsələ ilə bağlı əksər tələblər və məsələlər ictimaiyyətdən gizlədildiyi üçün dəqiq şərh vermək çətindir. 

- Rusiya ilə əməkdaşlıq Vaşinqtonun açıq narazılığına səbəb olur. Son illər Ağ Evdən uzaqlaşan Ərdoğan, eyni zamanda, bir müddət əvvəl Ankaranın NATO-dan ayrılmaq niyyətində olmadığını açıqladı. Bu mesajın məqsədləri nələrdir?

- Ərdoğan indi çox əlverişli bir mövqedədir. Bir tərəfdən Rusiya, həqiqətən, onunla dost olmaq istəyir, digər tərəfdən, Qərb onunla mübahisədən qaçır. Buna görə də Ərdoğan sona qədər əlindəki kartla oynayacaq və hər iki tərəflə münasibətləri tənzimləyəcək.

Axı bu, böyük siyasətdir və bölgədə, xüsusilə Suriya və İranda baş verən hadisələrlə əlaqədar olaraq böyük geosiyasi maraq daşıyır. Nə Moskva, nə də Vaşinqton buradakı maraqlarını, daha doğrusu hadisələrin inkişafına təsirini əldən verməyə hazır deyil, buna görə də indi hər iki tərəf Türkiyə ilə dost olacaq.

- Ankaranın Moskva və bir neçə il əvvəl Rusiya-Türkiyə münasibətlərində çətin dövr yaşanan zaman barışıq rolunu oynayan Bakı ilə əməkdaşlığının perspektivləri nədən ibarətdir?

- Bakı, mənim fikrimcə, bölgədəki mövqeyini nəzərə alaraq müstəqil çoxvektorlu siyasət qurur. Təbii ki, bu halda yalnız dostlarınız və düşmənlərinizlə deyil, qaynar bölgənin problemlərindən əlavə iqtisadi inkişaf naminə pul qazanmaq məqsədilə siyasi maraqlarla da əlaqələr qurmalısınız.

Bakı şimal qonşusunun maraqlarını və istəklərini nəzərə almalıdır, lakin zamanla bölgədəki bir sıra münaqişəli vəziyyətlərin həllində göstərilən köməyə görə onun nə qədər minnətdar olacağını zaman göstərəcək. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya perspektivlə işləniləcək, güvənli tərəfdaşdır. 

Rasim Babayev