BABA RZAYEVİN ŞİRKƏTİ ÖTƏN İL 6 MİLYON QAZANIB – Əsas əməliyyat gəlirləri 53 milyondan 40 milyona düşüb

21:31 15-06-2019 1083

“BAKELEKTRO” ASC 2018-ci ili 5 milyon 948 min manat xalis mənfəət ilə başa vurub. ASC 2017-ci ili 7 milyon 217 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, illik müqayisədə ASC-nin xalis mənfəəti 1 milyon 269 min manat və ya 17,6% azalıb. Səbəb şirkətin gəlirlərinin azalmasıdır.

“Marja” ASC-nin illik hesabatına istinadən xəbər verir ki, “BAKELEKTRO”nun əsas əməliyyat gəlirləri 2017-ci ildə 53 milyon 338 min manat ikən, 2018-ci ildə 40 milyon 469 min manata düşüb (12 milyon 869 min manat və ya 24% azalıb).

31 Dekabr 2018-ci il tarixində “BAKELEKTRO” 25 milyon 108 min manat cəmi aktivlərə malik olub.

“Azərenerji”nin sədri olan Baba Rzayev əvvəl “Bakelektro” ASC-nin icraçı direktoru işləyib. Hazırda “Bakelektro”ya da onun qardaşı Emin Rzayev rəhbərlik edir.

“AzPolitika.info” onu da xatırladır ki, mətbuatda həmçinin Bakıda Böyükşor şossesində yerləşən “Santral Elektrik LTD” şirkətinin səhmlərinin də Baba Rzayevə aid olduğuna dair məlumatlara rast gəlinir.

Qeyd olunur ki, “Legrand” (Fransa), “Pirelly” “GEWISS”, “KEMMR.I” (Finlandiya), “Vortice” (İtaliya), “Stanley” (ABŞ), “Philips”, “Osram”, “Dewallt”, “Massive” və başqa şirkətlərin Azərbaycanda rəsmi distribütoru da “Santral Elektrik”dir.

“Santral Elektrik LTD” Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. O vaxt şirkətə Emin Rzayev – B.Rzayevin qardaşı rəhbərlik edirdi. Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – B.Rzayevin qaynına verilib.

Həm də təkcə “Santral Elektrik” yox. Mətbuatda dərc olunan məlumatlarda deyilir ki, bu ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə B.Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir. Məhz o dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – “Barmek” şirkətindən alınaraq bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə keçib.

“Bakelektro” ASC-yə gəldikdə isə o, 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası, orta və alçaq gərginlikli elektrik sistemləri, zəif axın, ehtiyyat elektrik sistemləri və avtomatika sistemlərinin layihəsi, quraşdırılması, sınaqdan keçirilməsi və servis işləri üzrə 20 ildən artıq təcrübəyə malikdir./azpolitika.info/