İntihar edən Elinanın qəbri təhqir edilib

16:27 20-06-2019 15

Təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar edən Elina Hacıyevanın qəbri üzərində təhqiredici hərəkətlər edilib.

HerGun.Az xəbər verir ki, bu barədə vəkil Emin İsayev məlumat yayıb.

O qeyd edib ki, E.Hacıyevanın qəbri üzərində təhqiredici hərəkətlərin edilməsi ilə bağlı cinayət işi başlanıb:

“Hazırda iş üzrə Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə bağlı cinayət işi başlanıb. Polis tərəfindən araşdırma aparılır. İşin gedişatı ilə bağlı araşdırma aparılır”.

Vəkil onu da bildirib ki, E.Hacıyevanın işi üzrə komission ekspertiza yekunlaşıb və Bakı Şəhər Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.