Aİ İrana qarşı sanksiyaları yan keçir – İNSTEX işə salındı

03:54 29-06-2019 994

Böyük Britaniya, Fransa və Almaniya Tehranla ABŞ sanksiyalarını yan keçmək məqsədi daşıyan  maliyyə tranzaksiyalarının mexanizmini işə saldı. 

Bu barədə “Reuters” Avropa İttifaqının yaydığı bəyanata istinadən məlumat verir. 

Bəyanatda bildirilir ki, İNSTEX bütün üzv ölkələr üçün əlçatandır. İran da öz növbəsində Avropa ilə əməliyyatlar aparmaq üçün analoji kanal açıb.

Qeyd edək ki, INSTEX mexanizminin yaradılmasında təşəbbüskar rolunda Paris, London və Berlin çıxış edib. Bu mexanizmə ehtiyac Vaşinqton İranla nüvə sazişindən çıxdıqdan sonra yarandı. O zaman sazişin avropalı iştirakçıları özlərinin İranla ticari əlaqələrini ABŞ sanksiyalarından qorumaq  üçün yollar axtarmağa başladılar.  

Nəticədə INSTEX SAS (“Instrument in Support of Trade Exchanges”, “Ticari mübadiləyə dəstək aləti”) şirkəti 2019-cu ilin yanvarın 30-da Parisdə, Fransa Maliyyə Nazirliyinin ünvanı üzrə qeydiyyata alındı. Şirkətə rəhbərlik isə almaniyalı bankir Per Fişerə həvalə edildi. Bu mexanizm ABŞ sanksiyalarından yan keçməklə İranla ticarət imkanı verməlidir.