Xanəndə İlkin Əhmədov: “Bəzilərindən fərqli olaraq, 50 yaşımda sənətdən gedəcəm”

23:40 28-10-2019 27

Ötən axşam Xəzər TV-də yayımlanan “Ay Zaur” proqramında Əməkdar artist İlkin Əhmədov qalmaqallı açıqlama verib.

HerGun.Az xəbər verir ki, aparıcı Zaur Kamalın “xanəndə səhnədən nə vaxt getməlidir?” sualına Əməkdar artist belə cavablayıb:

“Xanəndə oxuya bilmədiyi, səhnədə büdrədiyi zaman bu sənətdən getməlidir. Bu sənətdən getməli müğənnilər və xanəndələr çoxdur.  

Mən söz verirəm ki, 50 illik yubileyimi qeyd etdikdən sonra bu sənətdən gedəcəm. Müəllim və ya başqa işlə məşğul olacam. Çünki o zaman xanəndə sənətdən şəxsiyyətli ayrılır.

Düzdür Xan Əmi və o dövrün xanəndələri ömrünün sonuna kimi oxudu. Çünki onlar toylara getməyib, sırf sənətlə məşğul olurdular. İndi isə xanəndələr toylara gedir. Toylar da onların evini yıxır. Sənət göstərmək üçün gərək toya getməyəsən”.  

Əməkdar artist əlavə edib ki, sənəti olan xanəndə saçına rəng və ya xına qoya bilər:

“Saçlarına rəng qoyan xanəndələr onlar sözün deyən sənətkarlardır. Hamısı bu sənətdə sevilib, seçilən və  bu sənətdə öz möhürünü vuranlardır. Onların nə sənəti, nə də şəxsiyyəti haqqında biz gənclərin bir söz deməyə ixtiyarı yoxdur.

Sənəti olan saçına rəng, xına qoya bilər. Niyə də etməsin? Çünki həmin insan əsl sənəti ilə xalq tərəfindən sevilib. Hər bir sənətçinin görkəmi hər zaman gündəmdədir.

Tamaşaçı sənətçilərin yaraşıqlı və qüsürsuz görünməyini istəyir. Bütün dünyada saça rəng qoymaq, formasını dəyişmək var. Əgər nə vaxtsa lazım olarsa, məndə saçıma rəng qoya bilərəm. Niyə də qoymayım?

Arif Babayevin 70 yaşına kimi saçı ağarmadı. Əlibaba müəllimin saçları isə gənc yaşlarından o cür formalaşmışdı. Ona görə  də onun saçına rəng qoymağa ehtiyac yox idi”.

İlkin Əhmədov aparıcının üzünü dartdıranlarla bağlı sualına isə  cavab vermək istəməyib.

Sevinc Yasinqızı