İspaniyada anomal istilərdən daha bir nəfər öldü

23:54 01-07-2019 665

Avropada anomal istilər can almağa davam edir.

“RİA Novosti” xəbər verir ki, bu gün İspaniyada daha bir nəfər yüksək temperaturdan vəfat edib.

Bu, son bir neçə gün ərzində anoloji səbəbdən üçüncü ölüm xəbəridir.

Bu gün həyatını itirən 90 yaşlı qadın La-Rioxa əyalətinin sakinidir.

Yerli KİV-in verdiyi xəbərlərə görə, daha 29 nəfər istilər səbəbindən müxtəlif şikayətlərlə xəstəxanalara yerləşdirilib.

Ötən həftə isə Kordovada 29 yaşlı gəncin və Valyadoliddə 93 yaşlı kişinin ölüm xəbəri yayılmışdı. Bundan əlavə, Valensiyada həyatını itirən naməlum britaniyalının vəfat səbəbinin də istilər olması istisna edilmir.

Qeyd edək ki, bütün Avropanı əhatə edən iqlim dəyişikliyi İspaniyada özünü daha qabarıq şəkildə göstərir. Ötən həftə bu ölkənin bəzi əyalətlərində gündüz vaxtı temperatur 43 dərəcəyə qədər yüksəlmişdi.