Bir gündə eyni qaz xəttini iki şirkətin texnikası zədələdi

20:00 14-11-2019 474

Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yarasız hala salınıb.

“Azəriqaz” İB-dən verilən məlumata görə, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb.

Nəticədə 9 kənddə təxminən 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Saat 16:00 radələrində bərpa işləri tamamlanıb. Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də təqribən eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur.

Bərpa işləri görülür.