Bilmədən Yunanıstan ərazisinə keçən rus turistlər yarım milyon cərimə ödədi

20:09 07-07-2019 589

Rus turistlər Türkiyədə kuryoz hadisə ilə üzləşiblər.

“Lenta.ru” xəbər verir ki, Sankt-Peterburqdan Türkiyəyə dincəlmək üçün yollanan ruslar Egey dənizində yaxta gəzintisi zamanı ölkənin su sərhədini pozublar.

İcarəyə götürülmüş və rus kapitanın idarə etdiyi yaxta sakinləri bilmədən Yunanıstan ərazisinə keçiblər. Türkiyəli sərhədçilərin müdaxiləsi nəticəsində geri qaytarılan beşi azyaşlılardan ibarət 11 nəfərlik dəstə cərimə ödəməli olub.

Onlardan əvvəlcə 1.5 milyon rus rublu (təxminən, 40200 AZN – red.) tələb edilsə də, danışıqlar nəticəsində sərhəd pozucuları canlarını 520 min rublla (təxminən, 13930 AZN – red.) qurtara biliblər.

Qeyd edək ki, Yunanıstan Avropa Birliyinə üzv olduğu üçün Türkiyə ilə bu ölkə arasında viza rejimi tətbiq olunur. Daha əvvəl vizasız rejimə keçid müzakirə olunsa da, qeyri-qanuni miqrant axınına görə, bu qərar təxirə salındı.