Güclü şimal küləyi, leysan, dolu - İstirahət günlərinin havası

16:00 10-07-2019 971

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

HerGun.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanın məlumatına görə, yaxın istirahət günlərində hava şəraiti bu ay üçün nisbətən sərin keçəcək:

“Belə ki, havanın orta temperaturu bu ayın normasını cəmi 0,7 dərəcə üstələyir.

İyulun 12-də axşama doğru şimal-qərb, şimal küləyinin güclənəcəyi gözlənilir. Hava iyulun 13-14-də güclü küləkli olacaq, küləyin maksimal sürətinin saniyədə 23-28 metrə çatacağı proqnozlaşdırılır.

Havanın temperaturu isə bu günlə müqayisədə 5-8 dərəcə aşağı enərək 28-32 dərəcədən yüksək olmayacaq. Bu da bizim regionda ilin bu fəsli üçün nisbətən komfort temperatur göstəriciləri sayıla bilər.

Respublikanın rayonlarında, xüsusən, dağlıq və dağətəyi ərazilərdə qısamüddətli leysan xarakterli yağış, dolu ehtimalı var. Dağ çaylarında sululuğun artacağı gözlənilir”.